QMİ sədrinin Özbəkistan Respublikasının prezidenti ilə görüşü

 
14.10.2019
Oktyabrın 14-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci Sammitində iştirak etmək məqsədilə Azərbaycanda rəsmi səfərdə olan Özbəkistan Prezidenti cənab Şavkat Mirziyoyev ilə görüşüb.
 
Görüşdə millətlərarası harmoniyanın və dini tolerantlığın daha da möhkəmləndirilməsi, dinlərarası dialoqun genişləndirilməsi, gənclərin maarifləndirilməsi və mənəvi tərbiyəsi məsələləri müzakirə edildi.
 
Özbəkistan dövlət başçısı bu sahələrdə beynəlxalq əməkdaşlığın getdikcə artan səviyyəsini məmnunluqla qeyd etdi. Cənab Mirziyoyev müasir dünyadakı mövcud çağırışlara və təhdidlərə qarşı effektiv şəkildə mübarizə aparmaq, müqəddəs İslam dininin əsl dəyərlərini və həqiqi humanist məqsədlərini dünya ictimaiyyətinə tanıtmaqda birgə səylərin vacibliyi vurğuladı.
 
Qafqaz Müsəlmanları İdarəsinin sədri öz növbəsində Azərbaycan və Özbəkistan Prezidentlərinin dünya miqyaslı təşəbbüslərinin əhəmiyyətini vurğuladı və iki ölkədə İslam dünyasının zəngin irsinin öyrənilməsi və qorunması istiqamətində atılan addımların səmərəliliyini qeyd etdi.
 
QMİ sədri eyni zamanda ölkələrimizin və bütün bölgənin sülh, harmoniya, sabitlik və rifahını təmin etmək üçün dinlərarası əməkdaşlığı davam etdirməyə hazır olduğunu bildirdi.
 
 
 
 
 
 
 
 
 
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 208