Şeyxülislam Allahşükür Paşazadə və dövlət-din münasibətləri

 
13.07.2019
“Şeyxülislam Allahşükür Paşazadə bütün həyatı boyu cəmiyyətdə mənəvi-əxlaqi dəyərlərin və milli həmrəyliyin bərqərar olunması yolunda səmərəli fəaliyyət göstərmiş, yaxın tarixi keçmişdə xalqımızın yaşamış olduğu taleyüklü hadisələr zamanı həm dini rəhbər, həm də ictimai xadim kimi yüksək vətənpərvərlik və əsl vətəndaş mövqeyi nümayiş etdirmişdir. O, ölkəmizdə beynəlxalq hüquq normalarına və mütərəqqi tarixi ənənələrə əsaslanan dövlət-din münasibətlərinin formalaşması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və təbliği sahəsində səmərəli xidmətlər göstərir”.
Bu fikirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyinin qeyd edilməsi” haqqında 2019-cu il aprelin 9-da imzaladığı Sərəncamda yer alıb. Bu fikirlər 70 illik həyatının yarısından çoxunu şeyxülislamlıq fəaliyyətinə həsr edən Allahşükür Paşazadənin gördüyü işlərə verilən əsl qiymətdir.
“Şeyxülislam Allahşükür Paşazadə-70” mövzusundakı müsabiqəyə təqdim olunan bu yazıda Şeyxülislam Allahşükür Paşazadənin dövlət-din münasibətlərinin tənzimlənməsi, milli-mənəvi dəyərlərimizin qorunması sahəsindəki xidmətlərindən, dinlərarası dialoqun gücləndirilməsi istiqamətindəki fəaliyyətindən bəhs olunur.
 
Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu
nümunəvi dövlət-din münasibətləri
Xalqımız tarixin bütün mərhələlərində dini ənənələrə sədaqət nümayiş etdirib, onun qorunub saxlanılmasına, gələcək nəsillərə ötürülməsinə çalışıb, eyni zamanda, ümumbəşəri dəyərlərdən də bəhrələnərək dünyaya öz tolerantlıq nümunəsini təqdim edib. Bu gün də ölkəmizdə müxtəlif xalqların, dinlərin nümayəndələri birgə yaşayır, fəaliyyət göstərirlər. Azərbaycan və Azərbaycan xalqı həmişə dini dözümlülüyü ilə fərqlənib, bu gün də belədir. Ölkəmizdə bu günədək dini zəmində heç bir münaqişə, toqquşma olmayıb. Konstitusiyamıza əsasən ölkəmizdə din dövlətdən ayrıdır. Lakin hazırkı dünyamızda bəlkə də Azərbaycan qədər dinə, din xadimlərinə qayğı göstərən ikinci ölkə tapmaq çətindir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmizdə dini azadlıqlar tam təmin olundu. Yalnız Azərbaycanın deyil, bütün İslam dünyasının böyük şəxsiyyətlərindən olan Ulu Öndərin hakimiyyətə qayıdışından sonra ölkəmizdə dinə, milli-mənəvi dəyərlərə münasibət kökündən dəyişdi, bu zəngin xəzinənin qorunmasına dövlət tərəfindən xüsusi qayğı göstərildi. Təkcə bir faktı diqqətə çatdırmaq lazımdır ki, dinlə bağlı qadağaların olduğu sovet hakimiyyəti illərində ölkəmizdə cəmi 17 məscid fəaliyyət göstərirdisə, bu gün Azərbaycanda məscidlərin sayı 2000-dən çoxdur. Bundan başqa, demək olar ki, bütün məscidlərimiz əsaslı təmir olunub, 300-dək məscid isə tarixi abidə kimi qorunur, bununla yanaşı, digər dinlərə məxsus abidələr, o cümlədən kilsələr, sinaqoqlar da əsaslı şəkildə təmir olunur və ya yeniləri tikilərək dindarların istifadəsinə verilir. Bu gün tam məsuliyyətlə qeyd edə bilərik ki, ölkəmizdə dövlət-din münasibətləri ən yüksək səviyyədə tənzimlənir. Dünyada dini zəmində münaqişələrin, toqquşmaların baş qaldırdığı bir dövrdə ölkəmizdə bütün istiqamətlərdə olduğu kimi, dini sahədə də sabitlik hökm sürür, dinə, dindarlara göstərilən diqqət və qayğı ildən-ilə daha da gücləndirilir. Dindən siyasi alət kimi istifadə olunmasının qarşısı müvəffəqiyyətlə alınır.
Azərbaycanın bütün sahələrdə qazandığı uğurlarla yanaşı, nümunəvi dini-mənəvi həyatı ilə də dünyanın diqqət mərkəzindədir. Görülən bütün bu işlərin nəticəsidir ki, bu gün ölkəmiz dünyada dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində böyük təcrübəyə malik ölkə kimi tanınır və ölkəmizin təqdim etdiyi bu nümunə digər dövlətlər tərəfindən öyrənilir və tətbiq edilir.
Artıq dünyanın multikulturalizm mərkəzlərindən biri kimi tanınan Azərbaycanda sivilizasiyalararası və dinlərarası dialoqa töhfə verən nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsi ənənəyə çevrilib. Xüsusən müxtəlif qitələrin nümayəndələrinin, fərqli din və mədəniyyətlərin təmsilçilərinin Prezident İlham Əliyevin elan etdiyi “Multikulturalizm İli” və “İslam Həmrəyliyi İli” kimi qlobal əhəmiyyətli ideyalar ətrafında bir araya gəlməsi böyük nailiyyətdir. Ötən il 10 illiyini qeyd etdiyimiz “Bakı Prosesi” bu məsələdə xüsusi önəm daşıyır. Belə ki, ölkəmiz bütün dünyaya öz tolerantlıq ənənələrini təqdim etməklə yanaşı, beynəlxalq ictimaiyyətə sülh, qlobal əməkdaşlıq mesajlarını verir, bunun mahiyyətini çatdırır. Bu mənada, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin təşəbbüsü ilə Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda, o cümlədən Avropanın mərkəzi şəhərlərində keçirilən beynəlxalq tədbirlərin, konfransların böyük əhəmiyyəti var.
Şeyxülislam Allahşükür Paşazadə görkəmli din xadimi kimi Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunması, dini-tarixi abidələrinin bərpası, ənənəvi adətlərimizin yeni formada inkişafı naminə irəli sürülən bir çox layihələrin müəllifidir. Dağılmaq təhlükəsi ilə üz-üzə olan yüzlərlə dini abidəmiz məhz Allahşükür Paşazadənin şeyxülislamlığı dövründə bərpa olunaraq dindarların istifadəsinə verilib, dindarların etiqad azadlığı və ibadət hüququ bərpa olunub.
Aşura günlərində simvolik qan çıxarılması ayininin mahiyyəti saxlanılmaqla onun cəmiyyət baxımından daha əhəmiyyətli bir tədbirə çevrilməsi də məhz Allahşükür Paşazadənin təşəbbüsü ilə baş tutub. Artıq Aşura günlərində Azərbaycanın bir çox məscid və ziyarətgahlarında İmam Hüseynin (ə) xatirəsinə qanvermə aksiyalarında iştirak edən müsəlmanlar həm müqəddəslərə olan ehtiramını nümayiş etdirir, həm də xəstə insanlara real kömək göstərmələrindən məmnun olurlar.
 
Qafqazın və xalqımızın ən nüfuzlu din xadimi
1949-cu ildə Lənkəranın Cil kəndində dünyaya gələn Allahşükür Paşazadə uşaqlıq illərindən orta məktəbdə oxumaqla yanaşı, cənub bölgəsinin din xadimlərindən, ilahiyyatçı alimlərindən İslam dininin əsaslarını mənimsəyib, ilk dini biliklərə yiyələnib. Allahşükür Paşazadə 1968-ci ildə Buxarada “Mir-Ərəb” mədrəsəsinə daxil olub, buranı bitirdikdən sonra dini təhsilini Daşkənd İslam Universitetində davam etdirib. 1975-ci ildə sözügedən universiteti bitirərək Azərbaycana qayıdan Allahşükür Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin məsul katibi təyin olunub. 1978-ci ildə isə Təzəpir məscidinin axundu və Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini seçilib. 1980-ci ildə isə A.Paşazadə Qafqaz müsəlmanları İdarəsinin sədri seçilib və şeyxülislam rütbəsi alıb.
“Bizim doğma İslam dinimizin Azərbaycanda öz yerini tapmasında, insanların öz dini etiqadlarını yerinə yetirməsində, dinimizin özünəməxsus yer tutmasında Qafqaz Müsəlmanları İdarəsi və bu idarənin başçısı, şeyxülislam hacı Allahşükür Paşazadənin xüsusi xidmətləri vardır. Azərbaycanın Prezidenti kimi, mən bu fürsətdən istifadə edərək, respublikamızda İslam dininin bütün tələblərinin yerinə yetirilməsi və insanlara vicdan azadlığının verilməsi sahəsində əldə etdiyi nailiyyətlərə, Azərbaycanda xalqın, millətin birliyinin, həmrəyliyinin möhkəmləndirilməsində, inkişaf etməsində göstərdiyi fəaliyyətə görə Qafqaz Müsəlmanları İdarəsinə və onun rəhbəri hörmətli hacı Allahşükür Paşazadəyə hörmət və ehtiramımı bildirirəm...” Bu fikirlər xalqımızın ümummilli lideri Heydər Əliyevə məxsusdur. Ulu Öndərin ən yaxın silahdaşlarından olan şeyxülislam Allahşükür Paşazadə xalqını sevən, onun çətin günlərində yanında olmağı bacaran, mərhəmətli, bəşəri dəyərlərə, digər dinlərə hörmətlə yanaşan din xadimidir.
Əlbəttə, həyatda xalqın sevgisini, dəstəyini qazanmaq hər insana nəsib olmur. Hələ sovet hakimiyyəti illərində - dinimizin, din xadimlərinin təqiblərə məruz qaldığı illərdə xalqın məhəbbətini qazanmağı bacaran Allahşükür Paşazadə 1989-cu ildə SSRİ Ali Sovetinə xalq deputatı seçilən ilk müsəlman din xadimi olub. 1980-ci ildən Qafqaz Müsəlmanları İdarəsinin sədri kimi səmərəli fəaliyyəti Allahşükür Paşazadəyə ölkə daxili ilə yanaşı, ölkə xaricində də böyük nüfuz qazandırmışdı. Təsadüfi deyil ki, sovet illərində fəaliyyət göstərən dörd müsəlman ruhani idarəsindən yalnız Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi məhz şeyxülislam Allahşükür Paşazadənin şəxsi nüfuzu və böyük hörməti sayəsində öz mahiyyətini qoruyub saxlayaraq, daha da genişlənərək regionun ən güclü dini mərkəzi – Qafqaz Müsəlmanları İdarəsi kimi fəaliyyətini bu gün də davam etdirir.
Şeyxülislam Allahşükür Paşazadə, həmçinin sovet hakimiyyəti illərində İttifaqın bir sıra beynəlxalq və ümumittifaq miqyaslı təşkilatlarında Rəyasət Heyətinin üzvü olan yeganə din xadimi kimi tez-tez xarici ölkələrdə səfərlərdə olur, ölkənin siyasi və ictimai-mədəni həyatında fəal rol oynayırdı. Sovet ordusunun Əfqanıstana qoşun yeritdiyi illərdə o, dəfələrlə Əfqanıstana gedib oradakı siyasi və ruhani liderləri ilə şəxsən danışıqlar apararaq 200 nəfərdən çox müsəlman əsilli sovet əsgərinin əsirlikdən azad edilməsinə nail olmuş, sülhməramlı tədbirlərin bilavasitə təşkilatçısı və təbliğatçısı kimi şöhrət və nüfuz qazanmışdı.
Məhz şeyxülislam A.Paşazadənin təşəbbüsü və İslam Konfransı Təşkilatının himayəsi ilə 1986-cı ildə Bakıda “Müsəlmanlar sülh uğrunda mübarizədə” beynəlxalq İslam konfransı keçirilib. Bu konfransın işində dünyanın 60 ölkəsindən 600-dən çox nümayəndənin iştirakı tədbirin əhəmiyyətindən və nüfuzundan xəbər verir. Şeyxülislam həzrətləri 1987-ci ildə Moskvada “Nüvə silahsız dünya, bəşəriyyətin xilası uğrunda” beynəlxalq forumunun başçısı və həmsədri seçilib.
Onu da qeyd etmək lazımdır ki, 2003-cü il 29 iyul tarixində Qafqaz müsəlmanlarının Bakı şəhərində keçirilmiş XI qurultayında yekdilliklə A.Paşazadə ömürlük sədr – şeyxülislam seçilib. Bu, şeyxülislamın yüksək idarəçilik, təşkilatçılıq qabiliyyətinə və onun bəşəri dəyərlərin qorunması istiqamətindəki gərgin fəaliyyətinə verilən dəyərdir. Allahşükür Paşazadə, eyni zamanda, Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının sədridir. Şeyxülislam, həmçinin Qafqaz bölgəsinin ən nüfuzlu din xadimi kimi 1992-ci ildə Qafqaz Xalqları Ali Dini Şurasının sədri seçilib.
 
  Müxtəlif siyasi proseslərin fəal iştirakçısı, Azərbaycanın dövlət maraqlarının müdafiəçisi
Xalqımızın ümummilli lideri Heydər Əliyev şeyxülislamın dövlətçiliyimiz, ədalətin bərqərar olunması istiqamətindəki xidmətlərini yüksək qiymətləndirərək deyirdi: “Allahşükür Paşazadə tutduğu bu vəzifədə 20 ildən artıqdır xalqa sədaqətlə xidmət edir, Azərbaycanın xarici siyasətində özünəməxsus imkanlardan istifadə edərək iştirak edir və Azərbaycanın dövlətçiliyinə xidmət edir”. Şeyxülislam ümummilli lider Heydər Əliyevin ideyalarından bəhrələnərək, hər zaman xalqının ağır günlərində onun yanında olmaqla, bütün həyatını qəddarlıqlara, zülmə qarşı mübarizəyə, ədalətin bərqərar olmasına, sülhün zəfər çalmasına həsr edən şəxsiyyətlərdəndir.
1990-cı ilin yanvarın 20-də sovet qoşunlarının Bakıda törətdiyi qırğınlardan sonra ulu öndər Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək xalqımızın kədərini bölüşməsi və qırmızı rejimin ölkəmizdə həyata keçirdiyi qanlı aksiyanı ifşa etməsi o dövrdə xalqımıza bir dayaq, bir təsəlli oldu. Bununla yanaşı, Qanlı Yanvar hadisələrindən dərhal sonra Allahşükür Paşazadənin öz həyatını təhlükəyə ataraq sovet dövlətinin başçısı Mixail Qorbaçova ittihamnamə ünvanlaması, həmçinin BMT-nin Baş katibi Peres de Kuelyara, bütün dövlətlərin və dinlərin başçılarına müraciətlər göndərərək imperiya siyasətini, bu qanlı cinayəti lənətləməsi, dini lider kimi xalqın önündə getməsi, dəfn mərasimlərini təşkil etməsi onun Vətənə, xalqına bağlı əsl din xadimi olduğunun əyani sübutudur.
Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan həqiqətlərinin, Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz torpaqlarından didərgin düşmüş insanların haqq səsinin dünya ictimaiyyətinə düzgün çatdırılması istiqamətində də mühüm işlər görür. Həmçinin münaqişənin sülh yolu ilə həll olunması üçün tanınmış din və dövlət xadimləri ilə yüksəksəviyyəli danışıqlar aparıb. Şeyxülislam rus, gürcü, erməni dini liderləri və beynəlxalq dini təşkilatların rəhbərləri ilə dəfələrlə keçirdiyi görüşlərdə erməni kilsəsinin rəhbərlərini Qarabağ məsələsi ilə bağlı konstruktiv dialoqa dəvət edib.
Şeyxülislam Allahşükür Paşazadə Ümumdünya Kilsələr Şurasının vasitəçiliyi ilə İsveçrənin Montre şəhərində, həmçinin Rus Pravoslav Kilsəsinin vasitəçiliyi ilə Rostov, Moskva, Bakı, Tbilisi şəhərlərində çoxsaylı görüşlərdə iştirak edib, görüşlərin nəticələrinə dair imzalanan birgə bəyannamələrdə Azərbaycanın ədalətli mövqeyini əks etdirən məqamların yer almasına nail olub. Eçmiədzin erməni patriarxiyasının rəhbərləri katolikos I Vazgen və katolikos I Qareginlə keçirilən görüşlər, 1995-ci ildə Moskva və bütün Rusiya patriarxı II Aleksi, katolikos I Qaregin və şeyxülislam Paşazadə tərəfindən imzalanan üçtərəfli “Moskva bəyannaməsi” sayəsində münaqişə bölgəsində əsirlərin, yaralıların və meyitlərin verilməsi barədə müəyyən razılaşma əldə edilib.
Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinə, Xocalı soyqırımına dünya ictimaiyyəti tərəfindən siyasi-hüquqi qiymətin verilməsi istiqamətində bu gün də səylə çalışan Şeyxülislam iştirak etdiyi bütün beynəlxalq tədbirlərdə, keçirdiyi bütün görüşlərdə bu məsələlərlə bağlı ölkəmizin ədalətli mövqeyini diqqətə çatdırır, sülhün bərqərar olması, hüquqları pozulmuş bir milyondan çox azərbaycanlının öz doğma torpaqlarına geri qayıtmaları üçün beynəlxalq ictimaiyyətə çağırışlar edir.
 
Beynəlxalq miqyasda tanınan dini rəhbərin
fəaliyyətinə verilən qiymət
Şeyxülislamın Azərbaycan xalqı qarşısındakı xidmətləri hər zaman dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin şeyxülislamla bağlı fikirləri onun fəaliyyətinə verilən ən yüksək qiymətdir. Bununla yanaşı, Allahşükür Paşazadə Azərbaycan Respublikasının “Şərəf”, “İstiqlal” və “Şöhrət” ordenlərinə layiq görülüb. Bu yaxınlarda isə dövlətimizin başçısı İlham Əliyev şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyinin qeyd edilməsi və “Dünya dini liderlərinin II Bakı sammiti”nin keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında sərəncamlar imzaladı. Əlbəttə, Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin isə 40 illik yubileyinin ölkə səviyyəsində qeyd olunması şeyxülislamın gördüyü işlərə verilən qiymətlə yanaşı, ölkəmizdə dinə, din xadimlərinə göstərilən dövlət qayğısının təzahürüdür.
Dünyada sülhün bərqərar olması, xalqların mehriban, əməkdaşlıq şəraitində yaşamasının təbliği istiqamətində həyata keçirdiyi tədbirlər Allahşükür Paşazadənin çoxşaxəli fəaliyyətinin tərkib hissəsidir. Şeyxülislamın bu fəaliyyəti dünyanın müxtəlif ölkələri, beynəlxalq təşkilatları tərəfindən də daim yüksək qiymətləndirilir və dəyərləndirilir. Gürcüstan Prezidentinin “Şəfəq” ordeni ali mükafatı, Rusiya Federasiyasının “Dostluq” və “Şərəf”, Belarus Respublikasının “Fransisk Skorina”, İordaniya Krallığının I dərəcəli “Kral Hüseyn”, Misir Respublikasının I dərəcəli “Əl-elm və əməl” ordenləri və digər çoxsaylı mükafatlar... Bu mükafatların hər birinin arxasında dünyada sülhün təbliği, İslamın düzgün şəkildə anlaşılması istiqamətindəki gərgin fəaliyyət və Vətənə, xalqa, insanlığa sevgi və xeyirxahlıq dayanır.
Qeyd: yazı “Şeyxülislam Allahşükür Paşazadə-70” mövzusundakı müsabiqəyə təqdim olunur.

Oxunub : 479