Şeyxülislamın yubileyi ilə bağlı keçirilən müsabiqənin qalibləri mükafatlandırıldı

 
15.06.2019
Məlum olduğu kimi, bu il Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin 70 yaşı tamam olur, eyni zamanda, Şeyxülislamlıq fəaliyyətinin 40 illiyi qeyd edilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama uyğun olaraq hər iki əlamətdar hadisə münasibəti ilə silsilə tədbirlər keçirilir.
Qafqaz Müsəlmanları İdarəsinin Abşeron-Sumqayıt və Xızı bölgə qazılığı yubileyə həsr olunan məqalə müsabiqəsinə yekun vurub. İyunun 15-də Sumqayıt “Cümə” məscidində müsabiqənin yekunları ilə bağlı tədbir keçirilib. QMİ-nin Abşeron, Sumqayıt və Xızı bölgəsi üzrə Qazısı Rauf Sərdarov Şeyxülislam Allahşükür Paşazadənin keçdiyi həyat yolu və geniş miqyaslı fəaliyyəti barədə çıxış edib. Əlamətdar yubiley münasibəti ilə Sərəncam imzalayan dövlət başçısına bölgə dindarları adından minnətdarlığını çatdırıb.
Müsabiqənin təşkilat komitəsinin sədri ilahiyyatçı-alim Samid Quliyev çıxışında bildirib ki, yüzdən çox məqalənin təqdim edildiyi müsabiqədə ölkənin tanınmış jurnalistləri, ilahiyyatçı-alimləri və müxtəlif ali məktəblərdə təhsil alan tələbələr fəallıq göstəriblər.
Sonra bölgə qazlığının keçirdiyi məqalə müsabiqəsi qaliblərinin adları açıqlanıb.
Lənkəran Dövlət Universitetinin Mətbuat xidmətinin rəhbəri Esmira İsmayılovanın yazdığı “Mənim tanıdığım Allahşükür Paşazadə” məqaləsi müsabiqədə birinci yerə layiq görülüb. “Müqəddəs missiya daşıyıcısı” məqaləsinin müəllifi,  “Xalq qəzeti”nin müxbiri Əli Nəcəfxanlı ikinci, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Aqil Əlisoy “İslamda ehtiva olunan tolerantlıq ənənələrinin təbliğində Şeyxülislam Allahşükür Paşazadənin rolu” məqaləsinə görə üçüncü yeri tutub. Nazim Əlioğlunun “Millətə xidmət örnəyi” məqaləsi müsabiqənin həvəsləndirici mükafatını alıb.
Qaliblərə pul və qiymətli hədiyyələr təqdim olunub.
 
 
 
 

*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!
 

Oxunub : 1995