QMİ sədri Fransa hökümətinin Dini işlər üzrə məsləhətçisi Jan-Kristof Paskalı qəbul etdi

 
24.04.2019
   Aprelin 24-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda səfərdə olan Fransa hökümətinin Dini işlər üzrə məsləhətçisi Jan-Kristof Paskalı onun xahişi ilə qəbul etdi.
            Qonağı səmimi salamlayan QMİ sədri A. Paşazadə bu yaxınlarda Parisin Notr-Dam kilsəsində baş vermiş yanğından hədsiz təəssüf hissi keçirdiyini, bu məhşur və möhtəşəm tarixi mənəvi abidənin tezliklə bərpa olunaraq yenidən bəşəriyyətə qaytarılacağına ümidvar olduğunu bildirdi və Azərbaycan dindarlarının bu işə maddi və mənəvi dəstək verməyə hazır olduğunu dilə gətirdi.
             QMİ sədri A. Paşazadə Azərbaycan dövlətinin beynəlxalq müstəvidə dinlər və sivilizasiyalararası əməkdaşlıq prosesinə verdiyi əməli töhfələrdən qonağa bəhs etdi. Multikulturalizmin ölkəmizdə dövlət siyasəti qismində həyata keçirildiyini, dövlət başçımızın bu istiqamətdə ardıcıl siyasi iradə nümayiş etdirməsinin, qlobal əhəmiyyətli multikulturalizm və insani həmrəylik ideyalarını irəli sürməsinin bu töhfələri artırdığını qeyd edən A. Paşazadə 2017-ci ilin sonunda QMİ nəzdində yaradılmış Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin də bu mərama xidmət etdiyini xüsusi qeyd etdi.
            Azərbaycanın nümunəvi multikultural dövlət modelinin tanıdılmasına həsr olunan və dünyanın bir çox dövlətlərində keçirilmiş beynəlxalq konfranslar barədə qonağı məlumatlandıran Şeyxülislam A. Paşazadə, iyun ayında Avstriyanın paytaxtı Vyana şəhərində keçiriləcək, Fransa təmsilçilərinin də qatılacağı  növbəti beynəlxalq forumu xüsusi vurğuladı.
           QMİ sədri bildirdi ki, dünyanın tanınmış dini liderləri, ictimai-siyasi xadimləri, dövlət rəsmiləri, nüfuzlu alim və ziyalıları arasında səmərəli fikir mübadiləsinin aparılması üçün ənənəvi ünvana çevrilən Azərbaycan sivilizasiyalararası dialoqun inkişafına, müxtəlif dini konfessiyalar arasında  əməkdaşlığın genişlənməsinə, eləcə də qarşılıqlı etimad mühitinin yaradılması işinə böyük töhfələr verməkdədir. Bildirdi ki, Azərbaycan Prezidentinin təşəbbüsü və sərəncamı ilə bu ilin 14-15 noyabr tarixlərində Dünya dini liderlərinin II Bakı Sammiti keçiriləcəkdir. Şeyxülislam 2010-cu ildə Dünya dini liderlərinin Bakıda keçirilmiş ilk sammitinin davamı olacaq II sammitin qloballaşan dünyanın müasir çağırışlarının, aktual problemlərinin həllinə Azərbaycan dövlətinin daha bir  dəyərli töhfəsi olacağına ümidvar olduğunu bildirdi.
            Fransalı qonaq J.Paskal səmimi qəbula və ətraflı məlumata görə QMİ sədrinə minnətdarlığını bildirdi. Bakıya ilk dəfə 1998-ci ildə səfər etdiyini bildirən qonaq bu səfərində  Azərbaycanın nə qədər inkişaf etdiyini müşahidə etməkdən məmnunluğunu ifadə etdi, Azərbaycandakı dini icmalar arasında müşahidə etdiyi səmimi qardaşlıq münasibətlərinin böyük dəyər olduğunu bildirdi. Fransanın da çoxkonfessiyalı ölkə olduğunu bildirən qonaq dövlətin dinlərarası sülh şəraitini təmin etməli olmasının vacibliyinə diqqəti çəkdi. Bu işdə din xadimlərinin, dini liderlərin böyük roluna diqqəti çəkən fransalı qonaq Papa Fransiskin Yaradanın adı ilə törədilən cinayətlərin küfr olduğu, onu törədənlərin isə kafir olduğu barədə fikirlərindən iqtibas gətirdi. J. Paskal dünyada dini ekstremizmin artmasından narahatlğını dilə gətirərkən, Şeyxülislam A. Paşazadə dinin heç bir zaman ekstremist mahiyyət daşımadığına vurğu edərək, dini ekstremizm ifadəsi ilə razılıaşmadığını, dindən, din adından sui-istifadə edilərək cinayətlərin törədildiyini, siyasi məqsədlərlə qarşıdurmalar törədildiyini bildirdi. Hər il aprelin 24-ündə ermənilər tərəfindən  dünyada guya 100 il bundan öncə onlara qarşı soyqırım həyata keçirilməsi ilə bağlı saxta ittihamların gündəmə gətirilməsinə toxunan A.Paşazadə, erməni ekstremistlərinin azərbaycanlılara qarşı həyata keçirdiyi gerçək cinayətlərin əsl ekstremizm nümunəsi olduğuna diqqəti çəkdi.
           Bu əsnada, Şeyxülislam A. Paşazadə böyük hiddət doguran hadisə - Şri-Lankanın paytaxtı  Kolomboda çoxsaylı insan tələfatına səbəb olmuş silsilə terror aktlarını xatırladaraq dünyanın müxtəlif nöqtələrində səngimək bilməyən terror, insan qırğını, dini-mədəni irsin məhvi proseslərini  ümumbəşəri faciələr kimi dəyərləndirərək, bu təhdidlərdən bəşər ailəsinin yalnız səylərini birləşdirməklə, həmrəylik, dinlər arasında əməkdaşlıq sayəsində xilas ola biləcəyinə diqqəti çəkdi.
           Sabah Bakıda keçiriləcək beynəlxalq tədbirə qatılacağını bildirən fransalı qonaq J. Paskal bu məsələlər barədə orada çıxış edəcəyini bildirdi və Şeyxülislama səmimi dialoqa görə təşəkkür etdi. Görüş xatirə fotosunun çəkilməsi və qonağa souvenir hədiyyənin təqdim olunması ilə başa çatdı.
          Görüşdə Fransanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri xanım Oreliya Buşez iştirak edirdi.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
QMİ-nin Mətbuat Xidməti
 
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!
  

Oxunub : 223