QMİ-də VIII Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları ilə görüş keçirilib

 
21.02.2019
 Qafqaz Müsəlmanları İdarəsində Bakı Beynəlxalq Multikulturlizm Mərkəzinin təşkil etdiyi “Azərbaycan multikulturalizminin ədəb-bədii qaynaqları” adlı VIII Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları ilə görüş keçirilib.
Dünyanın 16 ölkəsinin aparıcı ali məktəblərini təmsil edən layihənin iştirakçıları əvvəlcə Təzəpir məscidini ziyarət ediblər. Qonaqlara məscidin tarixi, Azərbaycanın ictimai həyatında oynadığı rol, son illər ölkə rəhbərinin diqqət və qayğısı ilə kompleksdə aparılan yenidənqurma işləri ilə bağlı ətraflı məlumat verilib.
Sonra görüş QMİ-nin inzibati binasında davam edib. Qafqaz Müsəlmanları İdarəsinin Aparat rəhbəri Simran Həsənov qonaqlara Şeyxülislam Allahşükür Paşazadənin salamlarını yetirib, belə görüşlərin əhəmiyyətindən danışıb. QMİ-nin tarixi, keçdiyi şərəfli yol, ölkəmizdə din-dövlət münasibətləri, bu sahədə son illərdə görülən işlər haqqında VIII Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçılarına dolğun məlumat verib.
QMİ sədrinin müavini Qəmər Cavadlı belə görüşlərin ənənəvi xarakter aldığını qeyd edib, uğurla davam edən bu layihənin Azərbaycan həqiqətlərinin dünyaya obyektiv çatdırılmasına töhfə verəcəyinə inandığını bildirib. QMİ sədrinin müavini vurğulayıb ki, xalqımız 27 il öncə baş verən Xocalı qətliamının növbəti ildönümünü qeyd edir. VIII Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları dünya ictimaiyyətinə misli görünməmiş bu faciə barədə dolğun məlumat vermək istiqamətində müəyyən addımlar ata bilərlər.
Qəmər Cavadlının sözlərinə görə, Azərbaycanda qadınlar dini icmalarda fəal təmsil olunur, ölkənin siyasi-ictimai və mədəni həyatında mühüm rol oynayırlar. Ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva milli-mənəvi dəyərlərin qorunması və təbliği istiqamətində genişmiqyaslı addımlar həyata keçirir, məscidlərin təmir və bərpa olunmasına ciddi dəstək verir.
Qonaqlara son illər QMİ-nin təşəbbüsü ilə dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq konfranslar barədə də məlumat verilib və bildirilib ki, belə tədbirlərin bu il də keçirilməsi nəzərdə tutulub.
VIII Beynəlxalq Multikulturalizm Qış Məktəbinin Almaniyadan olan iştirakçı, Humboldt Universitetinin tələbəsi Urs Unkauf çıxış edərək Şeyxülislam Allahşükür Paşazadənin təşəbbüsü ilə ötən il Belində keçirilən beynəlxalq konfransda iştirak etdiyini, belə tədbirlərin dünyada dinlərarası və mədəniyyətlərarası dialoqun möhkəmlənməsinə mühüm töhfə verdiyini bildirib.
Sonda VIII Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
            
 
 
*Materialdan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 172