Xəzər rayonunun Buzovna qəsəbəsində din xadimləri ilə görüş keçirildi

 
14.02.2019
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin təsdiq etdiyi “Tədbirlər Planı”na uyğun olaraq, yerlərdə din xadimləri ilə görüşlər keçirilir, Qazı və Səlahiyyətli nümayəndələrin hesabatları dinlənilir.
Fevralın 14-də Xəzər rayonu, Buzovna qəsəbəsindəki “Məşədi Qərib” məscidində görüş keçirilib. Qafqaz Müsəlmanları İdarəsinin Aparat rəhbəri Simran Həsənov toplantını açaraq Şeyxülislam Allahşükür Paşazadənin salamlarını çatdırıb, bildirib ki, belə görüşlər QMİ sədrinin tapşırığı ilə keçirilir və əsas məqsəd yerlərdəki Qazı və Səlahiyyətli nümayəndələrlə əlaqələri daha da gücləndirmək, fəaliyyətləri ilə bağlı hesabatları dinləmək, dini icmaların problemlərini və təkliflərini öyrənməkdir.
Aparat rəhbəri son vaxtlar QMİ-də Qazı və Səlahiyyətli nümayəndələrin fəaliyyətlərinin yenidən qurulması, dini icmaların işinin gücləndirilməsi ilə bağlı aparılan islahatlar barədə danışıb, tövsiyə və tapşırıqları tədbir iştirakçılarının diqqətinə çatdırıb, həmçinin Şeyxülislam həzrətlərinin iştirak etdiyi beynəlxalq tədbirlər, dünyanın nüfuzlu dini liderləri, tanınmış ictimai xadimləri ilə keçirdiyi görüşlər haqqında ətraflı məlumat verib. 
Simran Həsənovun sözlərinə görə, ölkəmizdə din-dövlət münasibətləri yüksək səviyyədə inkişaf edib, son illər bununla bağlı mühüm addımlar atılıb, hüquqi baza yaradılıb, “Dini etiqad azadlığı haqqında” qanuna dəyişikliklər edilib. Dövlət başçımızın sərəncamına əsasən din xadimlərinə maddi yardımlar ayrılıb. Xəzər rayonunda fəaliyyət        
göstərən bəzi din xadimləri də bu qayğıdan bəhrələnirlər, hər birimiz ölkə rəhbərinin diqqət və qayğısına əməli işlərimizlə cavab verməli, dövlətimizin inkişafı, Azərbaycanın sabitliyi üçün əlimizdən gələni əsirgəməməliyik.
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən bu il ölkəmizdə “Nəsimi İli” elan olunduğunu diqqətə çatdıran QMİ rəsmisi ədəbiyyata bağlılığı ilə seçilən Xəzər rayonundakı məscidlərdə böyük şairimiz Nəsiminin yaradıcılığına və dini baxışlarına həsr edilən silsilə tədbirlərin keçirilməsini təklif edib.   
Qafqaz Müsəlmanları İdarəsinin Xəzər rayonu üzrə Qazısı Soltan Əlizadə yerlərdə belə yığıncaqların keçirilməsini dini icmaların işinə müsbət təsir edəcəyini bildirib. Qazı qeyd edib ki, dövlətin dinimizə, milli-mənəvi dəyərlərimizin qorunmasına göstərdiyi diqqət və qayğını Xəzər rayonunun dindarları gündəlik həyatlarında hiss edirlər. Buzovnadakı “Cümə” məscidinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə təmir-bərpa olunmasını, ölkə prezidenti İlham Əliyevin açılış mərasimində şəxsən iştirak etməsini xatırladan natiq qəsəbədəki digər məscid və ziyarətgahların da fəaliyyəti üçün hər cür şərait yaradıldığını bildirib.
QMİ Qazısının sözlərinə görə, dindarlar əsl vətəndaşlıq mövqeyi nümayiş etdirərək rayonun ictimai həyatında yaxından iştirak edir, dövlət tədbirlərinin, dini mərasimlərin təşkilində və keçirilməsində fəallıq göstərirlər. Dini icmaların üzvləri Novruz bayramında qəsəbədə yaşayan şəhid ailələrini, aztəminatlı insanları, Bilgəhdəki “Qocalar evi”ni  ziyarət edib, onlara maddi yardım göstərib, mənəvi dayaq olublar. Bu xeyirxah ənənə bu il də davam etdiriləcək. Ehtiyacı olan 4 nəfərə din xadimlərinin yaxından köməyi ilə ev tikilib. Qəsəbədə məskunlaşan qaçqın və məcburi köçkün ailələri də daim diqqət mərkəzində saxlanılıb, onlara maddi yardım göstərilib, torpaq sahələri ilə təmin olunmaları üçün işlər görülüb.
Hacı Soltan Əlizadə bildirib ki, gənclər arasında vətənpərvərlik hissinin gücləndirilməsinə də böyük önəm verilir. Milli Qəhrəman Mübariz İbrahimovun doğum günü keçirilən tədbiri qəsəbə sakinləri maraqla qarşılayıblar. Milli-mənəvi dəyərlərin, ədəbiyyatımızın  təbliğin istiqamətində də xeyli iş görülüb, ədəbi-bədii gecələr, tədbirlər keçirilib, qəsəbədə və ətraf kəndlərində yaşayan gənc yazarların kitabları dini icma üzvlərinin köməyi ilə çap edilib.
Qazı dindarları narahat edən bəzi məsələlər barədə də danışıb, əlaqədar qurumların köməyinə ehtiyac olduğunu bildirib. 
QMİ sədrinin müavini Fuad Nurullayev çıxış edərək din xadimləri qarşısında duran vəzifələrdən danışıb, moizə və xütbələr zamanı dövlətçiliyimizin qorunması, din-dövlət münasibətlərinin inkişafı sahəsində görülən işlərin, milli-mənəvi dəyərlərin təbliğinə önəm verilməsinin vacibliyini qeyd edib. Dini icmaların kənd icmaları ilə daha sıx əməkdaşlıq etməsinin vacibliyini diqqətə çatdırıb.
QMİ-nin Təşkilat şöbəsinin müdiri Əlirza Qafarov dini icmaların işinin günün tələbləri səviyyəsində qurulması ilə bağlı tövsiyələrini verib.
Sonda toplantı iştirakçılarının fikirləri dinlənilib, müzakirə olunan məsələlər barədə fikir mübadiləsi aparılıb, belə görüşlərin müntəzəm keçirilməsinin vacibliyi qeyd edilib.
 

*Materialdan istifadə zamanı sayta istinad vacibdir!
 

Oxunub : 1803