Qafqaz Müsəlmanları İdarəsinin sədri Moskvanın və bütün Rusiyanın Patriarxı ilə görüşüb

 
30.01.2019
Yanvarın 30-da Moskvada səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Moskvanın və bütün Rusiyanın Patriarxı Kirill ilə görüşüb.
Şeyxülislam Allahşükür Paşazadə Patriarx seçilməsinin 10 illiyi münasibətilə Kirillə Azərbaycan xalqının, Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təbriklərini çatdırıb. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli məsələsinə Patriarx Kirillin dəstəyini xüsusi vurğulayan A.Paşazadə hazırda dünyada mürəkkəb proseslərin getdiyini bildirərək deyib ki, bu baxımdan, din xadimlərinin üzərinə böyük məsuliyyət düşür. Din xadimləri dövlət rəhbərləri, siyasi və ictimai xadimlərlə birlikdə ekstremizm və terrorizm kimi bəlalara qarşı mübarizə aparmalıdırlar. Təəssüf ki, bəzi din xadimlərinin fəaliyyətində bunun əksini görürük.
Azərbaycan ilə Rusiya arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edən şeyxülislam Allahşükür Paşazadə dövlətlərimizin başçıları arasında səmimi dostluq əlaqələrinin olduğunu, bunun da din xadimlərinin daha yaxından qarşılıqlı əməkdaşlığına şərait yaratdığını vurğulayıb. O, diqqətə çatdırıb ki, Azərbaycanda dövlətin dəstəyi ilə bütün dinlərin azad fəaliyyəti üçün hər bir şərait yaradılıb. Azərbaycanda dövlətin dəstəyi ilə kilsələrin təmir və bərpa olunduğunu, yeni ibadətgahların tikildiyini söyləyən Şeyxülislam deyib: “Mən sizdən, bir qardaşım kimi, xahiş edirəm, Moskvada azərbaycanlıların ibadət etmələri üçün məscid tikintisinə yer ayrılsın. Bu, bizim əlaqələrimizin daha da möhkəmlənməsinə kömək edər”.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Moskvanın və bütün Rusiyanın Patriarxı Kirilli Azərbaycana səfərə dəvət edib.
 
 

Oxunub : 153