Şeyxülislam həzrətləri Haməd bin Abdullah bin Səud bin Xudeyri qəbul etdi.

 
 
09.01.2019
 Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə yanvarın 9-da Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Haməd bin Abdullah bin Səud bin Xudeyri qəbul etdi.
   Ölkəmizə yeni təyin olunmuş səfiri səmimi salamlayan Şeyxülislam A. Paşazadə ona fəaliyyətində uğurlar dilədi. Səfirin görüşmək təşəbbüsündən məmnunluğunu bildirən QMİ sədri A Paşazadə Azərbaycan və Səudiyyə Ərəbistanı arasında mövcud qardaşlıq münasibətlərinin xalqlarımız və dövlətlərimiz üçün böyük dəyər kəsb etdiyini bildirdi. Şeyxülislam A. Paşazadə xüsusi vurğuladı ki, dövlətlərimiz arasında siyasi, iqtisadi əlaqələrin inkişafı, habelə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyinin Səudiyyə Ərəbistanı tərəfindən dəstəklənməsi xalqlarımız arasında mənəvi sahədə qarşılıqlı anlaşma və ehtiramı artıran amillərdəndir.
      QMİ sədri bildirdi ki, işğal olunmuş Azərbaycan torpaqlarında məscidlə, qəbirstanlıqların dağıdılması, islami irsimizə qarşı həyata keçirilmiş vandalizm aktlarına qarşı münasibətdə Səudiyyə Ərəbistanının beynəlxalq müstəvidə nümayiş etdirdiyi islami həmrəylik təqdirəlayiqdir.  Şeyxülislam A. Paşazadə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevlə, habelə Azərbaycan Prezidenti cənab İlham Əliyevlə bərabər Səudiyyə Ərəbistanına, müqəddəs Məkkə və Mədinə şəhərlərinə səfərləri xatırladı, həmin səfərlər zamanı Azərbaycanlı ali qonaqlara göstərilmiş özəl diqqət və xüsusi münasibəti məmnunluqla yada saldı. Belə ki, A. Paşazadə Məkkədə Kəbə Evinin daxilinə, Mədinədə Peyğəmbər məscidinin mübarək məqamlarına Azərbaycanın dövlət rəhbərlərinin daxil olma imkanının yaradılmasını  olduqca böyük əhəmiyyət kəsb edən qardaşlıq münasibətinin təzahürü kimi dəyərləndirdi.   
           Səmimi qəbula görə QMİ sədrinə minnətdarlığını bildirən səfir Haməd bin Abdullah bin Səud bin Xudeyri Azərbaycan və Səudiyyə Ərəbistanı arasında münasibətlərin hər iki dövlət üçün böyük önəm daşıdığını bildirərək, bu əlaqələrin bütün istiqamətlər üzrə inkişafı üçün səfir olaraq əlindən gələni əsirgəməyəcəyini bildirdi. O, Azərbaycanın haqq işinin Səudiyyə Ərəbistanı Krallığı tərəfindən dəstəklənməsini qardaşlıq borcu, şərəf məsələsi hesab etdiklərini xüsusi vurğuladı. Səudiyyəli səfir Azərbaycanın stabil inkişaf edən ölkə kimi görməkdən məmnunluğunu qeyd etdi və digər ölkələrlə müqayisədə Azərbaycanda müşahidə etdiyi etnik və dini sabitliyin mövcudluğunu xüsusi dəyərləndirdi. O qeyd etdi ki, bu sabitliyin əldə olunmasında müdrik dövlət siyasətinin və dini mərkəz olan Qafqaz Müsəlmanları İdarəsinin düzgün fəaliyyətinin xüsusi rolu vardır. Bu baxımdan, səfir Haməd bin Abdullah bin Səud bin Xudeyri Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyinin QMİ ilə əlaqələrini daha yüksək səviyyəyə qaldırmaq niyyətində olduğunu bildirdi.
           Şeyxülislam A. Paşazadə, öz növbəsində, bu istiqamətdə əlaqələrin genişlənməsinin xalqlarımız, dövlətlərimizin mənafeyinə xidmət edəcəyini, ümumən islami maraqların nəfinə olacağına əminlik ifadə etdi.
 
 
 
 
 
 
 
 QMİ-nin Mətbuat Xidməti


 
*Materialdan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 261