Azərbaycanın dinlərarası və sivilizasiyalararası dialoqa töhfələri beynəlxalq aləmdə hər zaman yüksək qiymətləndirilir

 
08.01.2019
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Gürcüstan nümayəndəliyi bir yerdə üç dini ibadət ocağının - məscid, kilsə və sinaqoqun yaradılması ideyasını irəli sürüb. QMİ-nin Gürcüstan nümayəndəliyinin rəhbəri hacı Əli Əliyev Almaniyanın məşhur “House of One - Vəhdət Evi” Fondunun ideya təmsilçisi – sülhməramlı səfiri seçilib. Bu, çox qürurverici hadisədir. Çünki bu hadisə Azərbaycan xalqının, ölkə rəhbərliyinin, şəxsən Prezident İlham Əliyevin sivilizasiyalararası, dinlərarası həmrəyliyə və dialoqa verdiyi töhfələrə xarici dövlətlərin qiyməti kimi dəyərləndirilir. Ümumiyyətlə, Azərbaycanın dinlərarası və sivilizasiyalararası dialoqa töhfələri beynəlxalq aləmdə hər zaman yüksək qiymətləndirilir.

Bu barədə  Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Rəşad Əliyarlı bildirib.

O deyib: “QMİ-nin Gürcüstandaki nümayəndəsi hacı Əli Əliyev həmin ölkədə tanınmış, öz əməllərinə görə hörmət qazanmış din xadimidir. Onun Gürcüstan pravoslav kilsəsi və şəxsən Patriarx İlya ilə xüsusi münasibətləri var. Eyni zamanda, Ə.Əliyevin digər dinlərin nümayəndələri ilə də gözəl münasibətləri var. Onun Almaniyada bu ideyaya bir növ təsisçi kimi qoşulması və Avropa tərəfindən bu cür mükafatlandırılması önəmlidir.

“Müqəddəs Pyotr kilsəsi Almaniyada ən qədim kilsələrdən biridir. İkinci Dünya müharibəsi zamanı darmadağın olan kilsənin yeri indi müəyyənləşib. Onun yerində elə bir məbədin tikilməsi nəzərdə tutulur ki, içərisində həm yəhudilər, həm xristianlar, həm də müsəlmanlar birlikdə ibadət edə bilsinlər. Lakin hər birinin öz dini məbədi və dini atributları olacaq. Məsələn, xristianlar üçün orqan, müsəlmanlar üçün dəstəmaz yerləri olacaq. Biz bunu həmrəyliyə, sülhə çağırış kimi qiymətləndiririk. Bu, çox gözəl hadisədir”, - deyə Rəşad Əliyarlı bildirib.

Oxunub : 1027