QMİ-nin Gürcüstan nümayəndəliyinin rəhbəri “House of One-Vəhdət Evi” Fondunun sülhməramlı səfiri seçilib

 
 
07.01.2019
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Gürcüstan nümayəndəliyinin rəhbəri hacı Əli Əliyev Almaniyanın məşhur “House of One-Vəhdət Evi” Fondunun ideya təmsilçisi – sülhməramlı səfiri seçilib.
 
AZƏRTAC xəbər verir ki, Əli Əliyev bu fəxri ada Cənubi Qafqazda müxtəlif dinlərin Vəhdət Evinin yaradılması ideyasını irəli sürən dini lider kimi layiq görülüb. Bu ideyada kilsə, məscid və sinaqoqun bir məkanda fəaliyyət göstərməsi nəzərdə tutulur.
 
Hacı Əli Əliyev AZƏRTAC-a müsahibəsində deyib: “Azərbaycan Prezidentinin elan etdiyi istər “Multikulturalizm”, istərsə də “İslam Həmrəyliyi” illəri bizim də bəşəri məramlara xidmət edən səylərimiz sırasında önəmli yer tutur. Biz də Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndəliyi olaraq Azərbaycan dövlətinin başçısının bəşəriyyətin xilasına, birliyinə xidmət edən bu ideyalarını dəstəkləyirik və təbliğ edirik. İki il bundan əvvəl biz bir həyətdə üç dini ibadət ocağının - məscid, kilsə və sinaqoqun yaradılması ideyasını irəli sürdük. Mən də bu ideyanı irəli sürən və müdafiə edən ilk şəxslərdən biriyəm. Almaniyanın məşhur “House of One - Vəhdət Evi” mənim bu ideyanı irəli sürməyimi yüksək qiymətləndirib və mükafata layiq görüb. Bunun üçün çox şadam”.
 
Məlumat üçün qeyd edək ki, “The House of One” Fondu öz ətrafında dünyada dinlərin sülh, əmin-amanlıq şəraitində, bərabər yaşama ideyasının daşıyıcılarını birləşdirir.
 
Təşkilatın rəhbərliyinin fikrincə, Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndəliyi və şəxsən hacı Əli Əliyevlə əməkdaşlıq “The House of One - Vəhdət Evi” ideyasının yayılması üçün böyük əhəmiyyət daşıyır.
 
 
 

Oxunub : 1450