Şeyxülislam həzrətləri Almaniya səfirini qəbul edib

 
 
 Avqustun 14-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri cənab Mixael Kindsqrabı qəbul etdi. Qəbula görə öz təşəkkürünü bildirən səfir M.Kindsqrab, Şeyxülislam həzrətləri ilə daha əvvəl müxtəlif tədbirlərdə görüşdüyünü, lakin ilk dəfədir ki, Qafqaz Müsəlmanları İdarəsini ziyarət etdiyini və bundan çox məmnun olduğunu bildirdi. Almaniya səfirini səmimi salamlayan Şeyxülislam A. Paşazadə Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyəsi, dövlətin dini dəyərlərə, dini abidələrə və mənəvi irsə qayğı və diqqəti barədə, habelə dini mərkəz olan Qafqaz Müsəlmanları İdarəsinin dinlərarası dialoq istiqamətində həyata keçirdiyi tədbirlər barədə danışdı. Səfir Mixael Kindsqrab isə dünyada gedən proseslər fonunda Azərbaycanın tolerantlıq məkanı kimi bəşəriyyətə təqdim etdiyi nümunəvi dinlərarası dialoq və əməkdaşlıq modelinin əhəmiyyətini xüsusi qeyd edərək, bu unikal təcrübənin bütün dünya ilə bölüşməyin son dərəcə vacib olduğunu qeyd etdi. QMİ sədri Almaniya səfirinə ötən il ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən elan olunmuş «İslam Həmrəyliyi İli» ilə bağlı 21 dekabr 2017-ci il tarixində Bakı şəhərində «2017 — İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq» mövzusunda keçirilmiş Beynəlxalq Konfransın ardından təsis edilən Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalar arası Əməkdaşlıq Mərkəzi (BDSƏM) haqqında və Mərkəzin fəaliyyəti barədə məlumat verdi. Şeyxülislam həzrətləri cənab Mixael Kindsqrabı cari ilin noyabr ayında BDSƏM tərəfindən Almaniyanın paytaxtı Berlində “Sivilizasiyalar və dinlərarası dialoqdan əməkdaşlığa doğru” mövzusunda keçirilməsi planlaşdırılan beynəlxalq konfrans haqqında məlumatlandırdı və həmin tədbirlə bağlı həyata keçirilən görüşlər və hazırlıq işləri barədə danışdı. Səfir Kindsqrab, öz növbəsində, belə bir tədbirin ölkəsinin paytaxtında keçiriləcəyindən məmnun olduğunu, alman tərəfinin bu mühüm təşəbbüsü tam dəstəklədiyini bildirdi. Görüşdə QMİ sədrinin müavinləri S.Musayev və R.Əliyarlı iştirak etdilər. Görüşün sonunda qonağa xatirə hədiyyəsi təqdim olundu
 
 
 
 
 
*Materialdan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 206