Gəncədə terror aktlarının dini şüarlar altında törədilməsi İslam dininə qarşı ən böyük cinayətdir

 
Gəncədə terror aktlarının dini şüarlar altında törədilməsi İslam dininə qarşı ən böyük cinayətdir
 
İyulun 17-də Gəncə İmamzadə Dini Kompleksində Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə müşavirə keçirilir.
Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı, Gəncə Şəhər İcra Hakimiyyətinin əməkdaşları, QMİ-nin bölgələr üzrə səlahiyyətli nümayəndələri, din xadimləri, dini icmaların üzvləri və ictimaiyyət nümayəndələri iştirak edirlər.
İmamzadə ziyarətgahında iyulun 10-da Gəncədə baş verən hadisələr zamanı şəhid olmuş polis zabitlərinin ruhuna ehsan verilib, namaz qılınıb, müqəddəs Qurani Kərimdən ayələr oxunub.
Tədbirdəki çıxışlarda bildirilib ki, son günlər Gəncədə baş verən hadisələr, törədilən cinayətkar əməllər İslam dinindən uzaqdır. Yalnız müəyyən qruplar var ki, din pərdəsi altında öz təxribatçı əməllərini həyata keçirməyə çalışırlar. Bu qanlı terror aktları cəmiyyətdə gərginlik yaratmaq və cəmiyyətimizi qorxutmaq məqsədilə törədilib. Dini şüarlar altında törədilən bu terror aktları özlüyündə İslam dininə qarşı ən böyük cinayətdir. Çünki İslam sülh, mərhəmət dinidir.
Qeyd olunub ki, bu qruplar ölkəmizdə sabitliyi pozmağa, onun inkişafını əngəlləməyə yönəlmiş addımları ilə Azərbaycan dövlətinə zərbə vurmaq niyyətində idilər. Lakin Azərbaycan polisi bu cinayətkar əməllərin qarşısını qətiyyətlə aldı, ölkədə sabitliyin pozulmasına imkan vermədi. Təəssüf ki, iğtişaşların qarşısının alınması zamanı iki polisimiz də şəhid oldu.
Diqqətə çatdırılıb ki, Azərbaycanın hər bir yerində olduğu kimi, Gəncə dindarları da daim dövlətimizdən qayğı görüb, şəhərdəki məscidlər, dini məbədlər yenidən qurularaq dindarların istifadəsinə verilib. Ümumiyyətlə, Azərbaycan dövləti və Azərbaycan xalqı öz milli, dini dəyərlərini daim qoruyur. Azərbaycan İslam mədəniyyətini dünyada ən çox təbliğ edən ölkələrdən biridir. Azərbaycan dövlətinin xətti və dəstəyi ilə dövlət vəsaiti hesabına tarixi-dini abidələrimiz tam bərpa olunub, yenidən qurulub, yeni məscidlər tikilib. Bu cinayəti dinimizə bağlamaq istəyənlər dinimizə qarşı ən böyük cinayət törədiblər. Cinayətkarlar və onların arxasında dayananlar heç vaxt öz məkrli arzularına çata bilməyəcəklər.
Xatırladaq ki, iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısına qarşı terror aktı törədilib, bir həftə sonra, iyulun 10-da saat 20 radələrində 150-200 nəfərdən ibarət bir qrup radikal ünsür şəhər icra hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstərib. Xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanunazidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keşikçilərinə müqavimət göstəriblər. Polis əməkdaşlarının həyata keçirdikləri qətiyyətli tədbirlərlə onların hüquqazidd əməllərinin qarşısı alınıb.
Qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən polis zabitləri İlqar Balakişiyev və Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar.
 

Oxunub : 687