QMİ sədri İranın mədəniyyət naziri ilə görüşdü

  
İyunun 27-də Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda rəsmi səfərdə olan İran İslam Respublikasının mədəniyyət və islami irşad naziri Seyid Abbas Salehi ilə görüşüb.
İRİ naziri və onun başçılıq etdiyi nümayəndə heyətinin şərəfinə verdiyi nahar ziyafətində QMİ sədri qonaqları səmimi salamlayaraq Azərbaycanda İran mədəniyyəti günlərinin keçirilməsindən böyük məmnunluq duyduğunu, bu kimi dövlət səviyyəli tədbirlərin iki ölkə arasında mövcud olan dostluq və qardaşlıq əlaqələrini daha da inkişaf etdirəcəyini vurğuladı. Şeyxülislam həzrətləri qonaq heyətə Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyəti barədə, xüsusilə 2018-2019-cu illərdə planlaşdırdığı bir sıra beynəlxalq səviyyəli tədbirlər haqqında məlumat verdi.
İran İslam Respublikasının mədəniyyət və islami irşad naziri Seyid Abbas Salehi öz növbəsində Şeyxülislam həzrətləri ilə görüşdüyündən çox məmnun olduğunu və onun şərəfinə verilən ziyafətə görə öz səmimi təşəkkürünü bildirdi. İyunun 20-də “Naxçıvan İslam mədəniyyətinin paytaxtı - 2018” tədbirlərinin açılış mərasimində İranın mədəniyyət və islami irşad nazirinin müavininin də iştirak etdiyini qeyd edən Seyid Abbas Salehi, həmin tədbirin Azərbaycanın İslam aləmindəki artan nüfuzunun və dünyada İslam mədəniyyətinin təbliğ edilməsində genişmiqyaslı fəaliyyətinin göstəricisi kimi dəyərləndirdi. O, həmçinin, İran və Azərbaycanın ortaq mədəniyyətə və tarixə malik olduğunu, Azərbaycan və İran xalqlarının tarix boyu yaxın münasibətdə oluqlarını, həmişə bir-birini dəstəklədiyini vurğuladı.
Görüşdə Azərbaycan Respublikası Mədəniyyət naziri Əbülfəs Qarayev, Azərbaycan-İran parlamentlərarası işçi qrupunun sədri, millət vəkili Eldar İbrahimov, millət vəkili Cavanşir Paşazadə və İran İslam Respublikasının Azərbaycandakı səfiri Cavad Cahangirzadə iştirak ediblər.
 
 
 *Materialdan istifadə zamanı sayta istinad vacibdir.

Oxunub : 1415