Bibiheybət məscidində Qədr gecələri qeyd olunub, ehsan verilib

 
 
Qafqaz Müsəlmanları İdarəsinin Elmi-Dini Şurası və Qazılar Şurasının Fətvasına uyğun olaraq mübarək Ramazan ayı boyunca məscid və ziyarətgahlarda mərasimlər keçirilir, iftar süfrələri açılır. Bu əziz günlərdə dinimizdə müqəddəs sayılan şəxsiyyətlərlə yanaşı, torpaqlarımız, müstəqil Vətənimiz uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunur. Xütbə və moizələrdə vətənpərvərlik hisslərinin təbliğinə xüsusi diqqət yetirilir.
Hər il olduğu kimi, bu il də Bibiheybət məscidində və Həkimə xanım ziyarətgahında müqəddəs Qədr gecələri böyük izdihamla qeyd olunub. Məscidin axundu, QMİ Qazılar Şurasının üzvü Hacı Rahib Babayevin imamlığı ilə moizələr oxunub, Qədr gecələrinin fəzilətlərindən söhbət açılıb, namaz qılınıb.
Hər üç Qədr gecələrində ibadətə gələnlərə sahur vaxtı obaşdanlıq etmək üçün ehsan verilib. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə təşkil edilən ehsan süfrələrində Ulu Öndərin din-dövlət münasibətləri sahəsində atdığı addımlar xatırlanıb. Ehsan mərasimlərində iştirak edən dindarlar böyük dövlət xadiminin Bibiheybət məscidinin bərpası və yenidənqurulması ilə bağlı həyata keçirdiyi işləri xüsusi vurğrulayıb, ruhuna ehtiramla dualar oxuyublar.
 
 

*Materialdan istifadə zamanı sayta istinad vacibdir.

Oxunub : 2107