Qafqaz Müsəlmanları İdarəsi ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş konfrans təşkil edib

 
 
Mayın 8-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, din və elm xadimlərinin, müxtəlif dini konfessiyaların təmsilçilərinin, dövlət və hökumət rəsmilərinin, Milli Məclisin deputatlarının, ictimaiyyətin nümayəndələrinin iştirak etdikləri konfransda müqəddəs “Qurani-Kərim”dən ayələr oxunub.
Sonra ümummilli lider Heydər Əliyev haqqında film nümayiş etdirilib.
Tədbirin moderatoru QMİ sədrinin müavini, Bakı İslam Universitetinin rektoru Sabir Həsənliümummilli lider Heydər Əliyevin Azərbaycanda dinə və dindarlara qayğısından danışıb. Bildirilib ki, Ulu Öndər ölkəmizdə yeni məscidlərin tikintisinə, köhnələrinin isə təmirinə hər zaman xüsusi diqqət yetirirdi. Dindarlar ümummilli lider Heydər Əliyevin diqqət və qayğısını hər zaman hiss edib və yüksək qiymətləndiriblər.
QMİ-nin sədri şeyxülislam Allahşükür Paşazadə çıxış edərək bildirib ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin həyatı boyunca Azərbaycan naminə göstərdiyi xidmətlər misilsizdir. Bu görkəmli şəxsiyyətin onilliklər ərzində Vətənə, millətə xidmətinin cövhərində böyük mənəviyyat sahibi olması dayanır. Heydər Əliyev ölkəmizi dini, etnik separatçılıq zəminində parçalamaq, mənəvi cəhətdən zəiflətmək, məzhəb ayrı-seçkiliyi salmaq istəyənlərin niyyətlərini puça çıxararaq dövlətçiliyimizi xilas edib. Milli və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarımızı azərbaycançılıq məfkurəsi ətrafında səfərbər etməklə Ulu Öndər Azərbaycan dövlətçiliyinin sarsılmaz əsaslarını yaradıb. “Heç vaxt inamımızdan, dinimizdən uzaqlaşmayacaq və bu mənəvi mənbələrdən istifadə edərək gələcəyimizi quracağıq” sözləri Heydər Əliyevin dünyalar qədər sevdiyi Azərbaycanın gələcək səadətinin təminində müqəddəs dinimizin oynayacağı rolu uzun illər əvvəldən düşündüyünü göstərir, onun İslam dəyərlərinə sədaqətindən xəbər verirdi. Təsadüfi deyil ki, Ümummilli Lider hakimiyyətə qayıdandan sonra ilk addımlarından birini məhz ibadət məkanına atdı - Təzəpir məscidini ziyarətə gələrək dindarlar qarşısında çıxış etdi, “Allahın yolunda hamımız bir olaq” dedi. Ulu Öndərin ilk sərəncamlarından biri nisgilli Bibiheybət məscidinin bərpası ilə bağlı oldu. Bibiheybət məscidinin təməlinin qoyulması mərasimində Ulu Öndər deyib: “Biz Azərbaycanda bütün dini abidələri, ocaqları, müqəddəs yerləri sizinlə birlikdə bərpa edəcəyik. Bizim görə bilmədiyimiz işləri davamçılarımız sona çatdıracaqlar”.
Şeyxülislam qeyd edib ki, dinindən, dilindən asılı olmayaraq Azərbaycan vətəndaşlarına eyni münasibət bəsləyən Ümummilli Lider illərin sınağından çıxmış adət-ənənələrimizə ehtiramla yanaşırdı, müxtəlif icmaların bayramlarında iştirak edir, onları təbrik edirdi. “Ulu Öndərimizin ən böyük arzusu ölkəmizin ərazi bütövlüyünün bərpası, qaçqın və məcburi köçkün soydaşlarımızın öz dədə-baba yurdlarına qayıtmaları, doğma Qarabağımızda dağıdılmış mədəni-mənəvi abidələrimizin bərpa edilməsi idi. Mən əminəm ki, inşallah, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə onun bu arzusu da gerçəyə çevriləcək”, - deyə QMİ sədri qeyd edib.
Şeyxülislam bildirib ki, Heydər Əliyevin dövlətçilik məktəbi var olduqca müstəqilliyimiz və rifahımız da əbədi olacaq. O deyib: “Biz dindarlar bünövrəsi Ulu Öndər tərəfindən qoyulan, Azərbaycan xalqının gələcəyi və rifahı naminə aparılan dövlət siyasətini bəyənir və dəstəkləyirik. İnşallah, Uca Yaradanın köməyi və müdrik dövlət başçımızın rəhbərliyi ilə Azərbaycan xalqı dünya miqyasında daha böyük uğurlara və qələbələrə imza atacaq”.
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovtədbirdə çıxış edərək Azərbaycanın tarixinə qurucu və xilaskar kimi daxil olmuş ulu öndər Heydər Əliyevin xalqımızın taleyində, mənəvi, siyasi və ictimai həyatında misilsiz xidmətlərindən danışıb. Bildirib ki, ümummilli lider Heydər Əliyev 95 il bundan əvvəl Tanrının Azərbaycan xalqına bəxş etdiyi bir lider idi. O, nəinki özünün, ailəsinin, doğulduğu elin-obanın sonrakı taleyini müəyyən etdi, eləcə də Azərbaycan xalqının bugünkü inkişafının, bugünkü taleyinin müəyyən olunmasında əvəzsiz xidmətlər göstərdi. Heydər Əliyev məhz o liderlərdən idi ki, Azərbaycan xalqının həm keçmiş, həm bugünkü, həm də gələcək taleyində önəmli nümunələr yaratdı və bu nümunələr ətrafında Azərbaycan xalqı yaşayır, fəaliyyət göstərir və cəmiyyətimiz dünyaya çoxsaylı nümunələr verir – tolerantlıq nümunəsi, ictimai-siyasi sabitlik nümunəsi, xalqlar, millətlər, dinlər arasında birgəyaşayışın sivil normalarının gözəl nümunəsi. Biz bu nümunələrlə fəxr edirik və həmişə fəxr edəcəyik. Prezident İlham Əliyevin bu gün yürütdüyü siyasət hər bir taleyüklü məsələnin həllində həmişə öz ətrafında ölkənin ziyalıları, dövlət və ictimai xadimləri ilə bərabər din xadimlərini də birləşdirən Ümummilli Liderin yaratdığı monolit milli-etnik birliyin nümunəsidir.
Əli Həsənov qeyd edib ki, ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra bütün vasitələrlə Azərbaycan dövlətini xilas etdi və onun qurtuluş missiyasını öz çiyninə götürdü. Əlbəttə, dövlətin təməlində milli birlik, ictimai-siyasi sabitlik və vətəndaşların iradəsi dayanmalıdır. Ona görə də Ümummilli Lider milli birlik, vətəndaş birliyi yaratdı. Bu vətəndaş birliyini də çox zərgər dəqiqliyi ilə seçdi. Bu vətəndaş birliyinin təməlində insanların dininə, dilinə, mədəniyyətinə hörmət dayanır. O vaxta qədər Azərbaycan cəmiyyətini müxtəlif xalqlar və etnik qruplar arasında mübarizəyə sürükləyən insanlar Azərbaycanda ciddi milli-etnik qarşıdurma yaratmışdı. Heydər Əliyev bu qarşıdurmanı aradan qaldırdı və hər bir insanın dininə, etnik dəyərlərinə, mədəniyyətinə hörmətlə yanaşdı və bu əsasda milli-etnik monolitliyi yaratdı. Ümummilli Lider dövlət-din münasibətlərinin nümunəvi modelini yaratdı. Azərbaycanın bugünkü İslam dini modelinə və dini tolerantlığına baxın. Bizim dini modelimiz elə qurulub ki, inanclı insanlar dövlətin dünyəvi normalarına, dövlət isə inanclı insanların dini ayinlərinə müdaxilə etmir. Hər birinin öz yeri, öz çərçivəsi var. Bu qızıl ortamı Ümummilli Lider müəyyən edib.
Prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycanda bütün dinlərin, mədəniyyətlərin nümayəndələrinə hörmətlə yanaşılır. Azərbaycan cəmiyyətində məzhəbçilik yoxdur, heç zaman ölkəmizdə sünni-şiə qarşıdurması olmayıb. Ona görə ki, Azərbaycanda heç kimin qəlbində belə ayrı-seçkilik yoxdur. Ümummilli Liderin yaratdığı nümunə budur.
Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov bildirib ki, Heydər Əliyev ömrünü Azərbaycan xalqına həsr edib. Sovet dövründə Azərbaycan 15 respublika arasında ən aşağı yerlərdə idi. Ulu Öndər 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başladıqdan sonra respublika çox böyük nailiyyətlər əldə etdi. Gördüyü işlər nəticəsində Heydər Əliyev SSRİ kimi hegemon dövlətin rəhbərliyində təmsil olundu. Ulu Öndər bir müddət siyasətdən uzaq qaldı. Azərbaycanın Heydər Əliyevsiz qalması ölkəni böyük fəlakətlərə apardı, torpaqlarımızın 20 faizi işğal olundu, minlərlə şəhid verdik, vətəndaşlarımız məcburi köçkünə çevrildi. Naxçıvan da Qarabağ kimi işğal ediləcəkdi. Heydər Əliyevin Naxçıvana gəlməsi muxtar respublikanı işğal təhlükəsindən xilas etdi. Ulu Öndər Azərbaycan xalqının tarixində əbədi bir yer qazandı. Azərbaycan Prezidenti İlham Əliyev də apardığı siyasətlə Ümummilli Liderin layiqli davamçısı olduğunu sübut etdi.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Heydər Əliyevin müstəqil Azərbaycan yolundakı tarixi xidmətlərindən danışıb. O qeyd edib ki, Ulu Öndər müasir müstəqil Azərbaycanın təməl prinsiplərini müəyyənləşdirib. Bu təməl prinsiplərə azərbaycançılıq, mənəvi dəyərlərə sadiqlik, dövlət-vətəndaş həmrəyliyi və s. aiddir. Bu təməl prinsiplər bizim üçün əbədidir.
Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, ulu öndər Heydər Əliyev uzaqgörən, böyük siyasi xadim idi. Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan dünya ölkələri arasında özünə layiqli yer tutdu. Bu gün Azərbaycan Ümummilli Liderin ideyaları, strategiyası əsasında inkişaf edir. Ümummilli Lider hər bir Azərbaycan vətəndaşının qürur mənbəyinə çevrilib.
Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov Ulu Öndərin hələ keçmiş SSRİ dövründə Azərbaycana rəhbərlik etdiyi vaxtlarda gördüyü mühüm işlərdən, əldə olunan nailiyyətlərdən söz açıb. Qeyd edilib ki, Ümummilli Lider müstəqil Azərbaycanın tarixində olduqca çətin bir vaxtda xalqın tələbi ilə yenidən rəhbərliyə qayıdıb, respublikanı tənəzzüldən, böhrandan çıxararaq müasir inkişafımızın bünövrəsini qoyub.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla deyib ki, müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyev bütün həyat və fəaliyyətini xalqımızın və respublikamızın hərtərəfli inkişafına, azərbaycançılıq ideyasının milli şüurda qərarlaşmasına, müstəqil dövlətçiliyin möhkəmlənməsinə, mədəniyyətimizin və incəsənətimizin dünyada tanıdılmasına həsr edib.
Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov vurğulayıb ki, bu gün ölkəmizdə qazanılan böyük uğurlar məhz Heydər Əliyev dühasının bəhrəsidir. Ümummilli Liderin hakimiyyətinin istər sovet, istərsə də müstəqillik dövründə ölkəmizin hərtərəfli inkişaf etdiyini bildirən rektor qeyd edib ki, Ulu Öndər Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi, respublikamızın tərəqqisi yolunda böyük addımlar atıb.
Daha sonra çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin Elmi-Dini Şurasının sədri, akademik Vasim Məmmədəliyev, QMİ sədrinin birinci müavini, müfti Salman Musayev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Azərbaycan Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayev, Azərbaycanda katolik icmasının başçısı Vladimir Fekete və başqaları dünya şöhrətli siyasi xadim, ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısındakı xidmətlərindən, ölkəmizdəki dini icmalara diqqət və qayğısından, milli mənəvi dəyərlərin qorunması istiqamətində gördüyü işlərdən danışıblar.

Oxunub : 849