Qafqaz Müsəlmanları İdarəsində Türkiyənin Əziz Mahmud Hudayi Vəqfinin fəxri sədri ilə görüş olub

 
 
Mayın 7-də Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Türkiyənin Əziz Mahmud Hudayi Vəqfinin fəxri sədri Osman Nuri Topbaşın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
 
 QMİ-nin sədri şeyxülislam Allahşükür Paşazadə Azərbaycan və Türkiyə xalqları arasındakı tarixi, dini-mənəvi əlaqələrdən söhbət açıb. Bu əlaqələrin ölkələrimizin siyasi, iqtisadi sahələrdə inkişafına təkan verdiyini vurğulayan şeyxülislam Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyəsi, dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlar üçün yaradılan bərabər şərait, dini abidələrin tikinti və bərpa işlərinə dövlət səviyyəsində göstərilən qayğı barədə məlumat verib.
 
Sovet dövründə Azərbaycanda dinin sıxışdırıldığını, məscidlərin sayının o qədər də çox olmadığını deyən QMİ-nin sədri bildirib ki, müstəqillik illərində ölkəmizdə xeyli sayda məscid tikilərək istifadəyə verilib. Bütün bunlar ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində mümkün olub.
 
Allahşükür Paşazadə böyük maarifpərvər insan, dini-fəlsəfi görüşləri ilə İslam dünyasında tanınan, ehtiramla qəbul olunan Osman Nuri Topbaşın ölkəmizə hər səfərinin maraqla qarşılandığını, onun elmi-dini fəaliyyətinin yüksək qiymətləndirildiyini deyib.
 
Görüş çərçivəsində Osman Nuri Topbaşın “Məktəbi-Aləm: Kainat, Quran və İnsan” kitabının təqdimatı da olub.
 
Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini müfti Salman Musayev, sədrin müavini, Bakı İslam Universitetinin rektoru Sabir Həsənli, sədrin müavini Qəmərxanım Cavadlı və başqaları çıxış edərək Osman Nuri Topbaşın yaradıcılığını yüksək qiymətləndirib, kitabın əhəmiyyətindən söz açıblar.
 
Sonda Osman Nuri Topbaş çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirib, kitab haqqında məlumat verib.
 
 

Oxunub : 682