İƏT jurnalının çıxan son sayında Şeyxülislam Allahşükür Paşazadənin məqaləsi dərc olunub.

 
 
İslam Əməkdaşlığı Təşkilatının ərəb və ingilis dillərində nəşr olunan rəsmi jurnalının aprel sayındaQafqaz Müsəlmanları İdarəsinin sədri, Tarix Elmləri doktoru, professor, Şeyxülislam Allahşükür Paşazadənin “Azərbaycanın İslam Həmrəyliyinə töhfəsi” adlı məqaləsi dərc olunub.
Aşağıda məqalənin orijinal mətni təqdim olunub.
 
Azərbaycanın İslam Həmrəyliyinə töhfəsi
 
İslam dünyasının mühüm və ayrılmaz parçası olan Azərbaycan İslam mədəniyyətinin yaranıb qorunduğu mühüm yerlərdən biri kimi tanınır. Tarixə nəzər salsaq, burada əzəldən bəri müxtəlif millətləri, mədəniyyətləri və dinləri təmsil edən insanların sülh içində yaşadıqlarını görərik. Azərbaycanda heç vaxt irqi və ya dini zəmində qarşıdurma və anlaşmazlıq olmayıb. Azərbaycan ərazilərində 7-8-ci əsrlərdə geniş yayılmağa başlayan İslam xalqımızın mənəvi həyatını zənginləşdirmiş, daha sonra isə onun həyat tərzini və birgə yaşayış normalarını müəyyənləşdirən əsas amillərdən birinə çevrilmişdir. Qafqazın ən qədim məscidi – 743-cü ildə inşa edilmiş Şamaxı məscidi, Bibi heybət ziyarətgah və məscid kompleksi, Gəncədəki “İmamzadə” kompleksi və bir çox digər məscid və ziyarətgahlar Azərbaycanın İslamın dini-mədəni dəyərlərinə verdiyi görkəmli töhfəsidir. Azərbaycan xalqı həmişə öz tarixinə və mənəvi dəyərlərinə böyük hörmətlə yanaşıb. Hətta dövlətin rəmzi olan, 1918-ci ildə yaradılmış Azərbaycan Demokratik Respublikasının bayrağı da onun müsəlman kimliyini əks etdirir. SSRİ dövründəki təqiblərə baxmayaraq Azərbaycan xalqı özünün bəzi ziyarətgah və məscidlərini qoruyub saxlamış, öz dini dəyərlərinə sadiq qalmışdır. Sovet İttifaqı dağıldıqda ölkədə fəaliyyət göstərən cəmi 17 məscid var idi, buğun isə bu rəqəm 2 mini keçib. Son 13 il ərzində Azərbaycanda 200-dən artıq yeni məscid ucaldılıb, 80-də artıq məsciddə təmir işləri aparılıb. Ölkə rəhbərliyinin himayəsi altında Bibi heybət, Təzəpir, köhnə Cümə məscidi və Məhəmməd məscidində təmir-bərpa və yenidənqurma işləri həyata keçirilib. 2014-cü il dekabrın 26-da dövlət başçısının sərəncamı ilə ucaldılmış Heydər məscidinin açılışı həyata keçirildi. Qeyd etmək lazımdır ki, bu, Cənubi Qafqazın ən böyük məscididir. İslamın dini-mədəni dəyərlərinə bağlı olan Azərbaycan eyni zamanda dünyanın multikulturalizm mərkəzlərindən biri kimi tanınır. Azərbaycanda mövcud olan mədəni müxtəlifliyi, milli və dini tolerantlıq mühitini biz böyük nailiyyət hesab edirik. Ölkədə heç vaxt dini və ya irqi ayrıseçkilik olmayıb, müxtəlif dinləri təmsil edən insanlar burada sülh və qarşılıqlı anlaşma şəraitində yaşayırlar.  Bu, bizim həyat tərzimiz və əminliklə irəlilədiyimiz ən doğru yoldur. Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması bütün dünyaya ünvanlanan “Tolerantlıq, qarşılıqlı ehtiram, dinlər və məzhəblər arası dialoq”a çağırışdır. Azərbaycanda Ümummilli lider Heydər Əliyev tərəfindən qurulmuş dövlət-din münasibətlərinin parlaq nümunəsi başqa dövlətlər tərəfindən öyrənilib araşdırılmaqdadır. Qeyd olunmalıdır ki, Azərbaycanın dövlət-din münasibətlərinin tənzimlənməsi siyasəti beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilir və onun yüksək qiymətini alır. 2017-ci ilin İslam həmrəyliyi ili elan olunması müasir dünyanın çağırışlarına cavab verən vaxtında atılmış addımdır. Həmrəylik ili təkcə dini amili nəzərdə tutmur, o, eyni zamanda müsəlman dövlətlərinə, onların arasında iqtisadiyyat, mədəniyyət və mənəviyyat sahələrində həmrəyliyə dəstək, bizim aramızda nifaq və ixtilaf toxumları səpmək istəyənlərə layiqli cavabdır. Eyni zamanda, ölkədə keçirilmiş olduqca mühüm hadisə - 4-cü İslam Həmrəyliyi Oyunları müstəqil Azərbaycanın İslam dünyasındakı yüksək nüfuzunu nümayiş etdirdi. İslam Həmrəyliyi ili çərçivəsində ölkədə və onun xaricində çox sayda beynəlxalq konfranslar, seminarlar və başqa tədbirlər keçirildi. Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə dövlət komitəsi ilə birgə İslam həmrəyliyinin möhkəmləndirilməsi, İslami dəyərlərin təbliğ edilməsi və radikallığa qarşı birgə mübarizəyə həsr olunmuş 4 beynəlxalq konfrans keçirmişdir. Bugün dünyada təkcə dini zəmində deyil, eləcə də milli-irqi zəmində münaqişələr və anlaşmazlıqlar baş verir. Azərbaycan xalqı 20-ci əsrin sonlarında Ermənistan tərəfindən aparılan etnik təmizləmə və soyqırımına məruz qalmışdır. Ermənilərin təcavüzkar siyasəti tarix boyu kütləvi qırğınlarla müşayiət olmuşdur. Ermənistanın hərbi təcavüzünün nəticəsi olaraq Azərbaycanın beynəlxalq müstəvidə tanınmış torpaqlarının 20 faizi, o cümlədən, Dağlıq Qarabağ və 7 ətraf rayon işğal edilmiş, bir milyona yaxın insan qaçqın və məcburi köçkün olmuşdur. İşğal altındakı torpaqlarda qalan çox sayda tarixi, mədəni-dini abidələr vəhşicəsinə məhv edilmiş, bəzi məscidlərin əraziləri İslam qaydalarına zidd şəkildə istifadə olunur. Ermənistanı təcavüzkar kimi tanıyan BMT və İƏT qətnamələri işğalçı ilə əlaqələri inkişaf etdirməyə niyyətli olan müsəlman ölkələri üçün əsas mesaj olmalıdır, çünki Ermənistan işğalı təkcə Azərbaycanın dini və mədəni dəyərlərini deyil, bütün İslamın tarixini və mədəniyyətini  hədəf alır.
 
 
 
 
 
*Materialdan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 2495