Dinlərarası və mədəniyyətlərarası dialoqun davamlılığının təmin edilməsi Azərbaycanın əsas hədəfləri sırasındadır VİDEO

  
Fevralın 28-də Vyanada KAİCİİD Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Məşvərət Forumunun ikinci illik toplantısı keçirilib.
 
Toplantıda beynəlxalq təşkilatın indiyə qədərki fəaliyyətinə nəzər salınıb, cari məsələlər və qarşıdakı fəaliyyət planı müzakirə edilib. Baş katibliyi Vyana şəhərində yerləşən təşkilatın dünyanın müxtəlif regionlarında həyata keçirdiyi layihələr təqdim olunub.
 
Dünyanın bütün regionlarını və dinlərini təmsil edən 45 nəfərdən ibarət Məşvərət Forumunun iclasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə salamlama nitqi ilə çıxış edib. O, çıxışında bildirib ki, müasir dövrümüzdə dünyanın müxtəlif guşələrində törədilən terror aktları, insan qırğını, maddi və qeyri-maddi mədəni irsin məhvi, separatizm, ksenofobiya, islamofobiya, antisemitizm təzahürləri sivilizasiyalar arasında qütbləşməni dərinləşdirir, dinlərarası və millətlərarası dialoqa ciddi zərbə vurur. Bununla belə, cəmiyyətlərin sabitliyi və tərəqqisini təmin edən mühüm dəyərlər mövcuddur ki, onların sırasında dinc birgəyaşayış, qarşılıqlı anlaşma mədəniyyəti önəmli yer tutur. Bu həqiqətin təbliğ edilməsində, dinlərarası qarşılıqlı ehtiramı və multikultural mədəniyyəti gücləndirən addımların atılmasında dini liderlərin üzərinə mühüm vəzifə düşür.
 
KAİCİİD-in Direktorlar Şurasının yeni üzvü kimi A.Paşazadə tədbir iştirakçılarına, həmçinin Qafqaz Müsəlmanları İdarəsinin yaranma tarixi və fəaliyyəti barədə məlumat verib, onun beynəlxalq müstəvidə dinlərarası dialoq prosesində fəal iştirakından bəhs edib. Qeyd edilib ki, 2010-cu ildə Bakıda keçirilən Dünya Dini Liderlərinin Sammiti, Roma-katolik və pravoslav kilsələri ilə mütəmadi və səmərəli dialoq müsəlman-xristian dialoquna gözəl nümunədir.
 
Şeyxülislam deyib ki, ölkədəki müsbət mühiti nəzərə alaraq Prezident İlham Əliyev 2016-cı ili Azərbaycanda “Multikulturalizm İli”, 2017-ci ili “İslam Həmrəyliyi İli” elan edib. Azərbaycanın dinlərarası dialoq işində önəmli səyləri dəyərləndirilərək, ötən ilin dekabr ayında Bakıda “2017 – İslam Həmrəyliyi ili: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransın nəticəsi olaraq Qafqaz Müsəlmanları İdarəsi yanında təsis edilən “Dialoqdan həmrəyliyə: dinlər və sivilizasiyalararası əməkdaşlıq” mərkəzinin fəaliyyətinin əsas hədəfi dinlərarası və mədəniyyətlərarası dialoqun davamlılığını təmin etməkdən ibarət olacaq.
 
A.Paşazadə çıxışının yekununda KAİCİİD-in ərəb və İslam dünyasında sülhün bərqərar olması istiqamətində fəaliyyətinin nəinki Yaxın Şərqdə, eyni zamanda, beynəlxalq müstəvidə sülh və əməkdaşlıq mühitinə dəyərli töhfə verəcəyinə ümidvar olduğunu vurğulayıb.
 

Oxunub : 1054