Çoxmillətli və çoxkonfessiyalı Azərbaycanda multikulturalizm həyat tərzidir. (Video)

 
 
Xəbər verdiyimiz kimi, fevralın 26-27-də Vyanada KAİCİİD Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzi “Sülh üçün dinlərarası dialoq: Sülh içində birgəyaşayış və birgə vətəndaşlığı inkişaf etdirmək” mövzusunda Yüksək Səviyyəli Forum keçirilir.
 
Fevralın 27-də forum işini işçi qruplar, panellər və plenar iclasla davam etdirib. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə tədbirdə çıxış edib. O, Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını tədbirdə iştirak edən tanınmış dövlət və din xadimlərinə çatdırıb və yeni üzv seçildiyi Beynəlxalq Dialoq Mərkəzinə gələcək fəaliyyətində uğurlar arzulayıb.
 
Şeyxülislam çıxışında qeyd edib ki, bu gün bütün problemlərin fövqündə duran sülhün təmini və qorunması işində dövlət rəhbərlərinin, ictimai və dini liderlərin birgə əməkdaşlığı mütləq vacibdir. Tanrının xəlq etdiyi ən böyük dəyər insan həyatıdır və onun xilası ənənəvi dinlərin təlqin etdiyi humanist mənəvi dəyərlərdən, onların birgə əməkdaşlığı və dialoqundan keçir.
 
Müxtəlif dinləri və mədəniyyətləri təmsil edən insanların eyni cəmiyyətdə sülh içində birgəyaşayış və birgə vətəndaşlığı məsələsinə toxunan şeyxülislam bildirib ki, Azərbaycan bu sahədə nümunəvi ölkədir: “Təmsil etdiyim çoxmillətli və çoxkonfessiyalı Azərbaycanda multikulturalizm bizim həyat tərzimizdir. Ölkədə dövlət-din münasibətləri düzgün qurulub. BMT-nin dəstəklədiyi dəyərlərin sırasında mühüm yer tutan, vətəndaş cəmiyyəti və həqiqi demokratiyanın vacib elementi olan milli və dini tolerantlıq dövlət səviyyəsində dəstəklənir. Azərbaycan Prezidenti İlham Əliyev etnik və dini müxtəlifliyi ölkəmizin milli sərvəti kimi dəyərləndirir”.
 
Qeyd edilib ki, dinlərarası həmrəyliyin nadir nümunəsinə malik Azərbaycan bu gün mədəniyyətlərarası və dinlərarası dialoqa dair beynəlxalq tədbirlərin ənənəvi ünvanı kimi tanınır. Bu mövqe müstəqil Azərbaycanda məntiqli və davamlı şəkildə aparılan siyasət nəticəsində əldə olunub”.
 
Çıxışının yekununda şeyxülislam A.Paşazadə KAİCİİD təşkilatına bu yöndə göstərdiyi fəaliyyətində yeni nailiyyətlər arzulayıb.
 
Qeyd edək ki, forum başa çatdıqdan sonra, fevralın 28-də KAİCİİD-in dünyanın bütün regionlarını və dinlərini təmsil edən 45 nəfərdən ibarət Məşvərət Forumunun növbəti illik iclası keçiriləcək.
 
 
 

Oxunub : 2397