Qafqaz Müsəlmanları İdarəsində VI Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları ilə görüş keçirilib -
Qafqaz Müsəlmanları İdarəsində VI Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları ilə görüş keçirilib

 
 
Fevralın 16-da Qafqaz Müsəlmanları İdarəsində (QMİ) VI Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları ilə görüş keçirilib.
 
AZƏRTAC xəbər verir ki, Qış Məktəbinin iştirakçıları əvvəlcə Təzəpir məscidi ilə tanış olublar. Onlara məscidin tarixi ilə bağlı məlumat verilib.
 
Sonra QMİ-nin aparat rəhbəri Simran Həsənov iştirakçılara Azərbaycanda İslam dininin tarixi və buradakı tolerantlıq mühiti barədə məlumat verib. O bildirib ki, ölkəmiz əsrlər boyu müxtəlif mədəniyyətlərin qovuşduğu bir məkan olaraq multikultural ənənələrə sadiqliyini nümayiş etdirib. Müxtəlif dinlərin nümayəndələri Azərbaycanda sülh şəraitində yaşayırlar, ölkəmizdə onların hər birinə hörmətlə yanaşılır.
 
Azərbaycanda dövlət-din münasibətləri ilə bağlı danışan S.Həsənov deyib ki, tolerantlıq ənənələri azərbaycançılıq ideologiyasının əsas dayağıdır. Sivilizasiyaların qovuşduğu Azərbaycanda dini, milli, irqi tolerantlıq xalqımızın qazandığı böyük nailiyyətdir. Multikulturalizmi başlıca siyasi prioritetlərdən birinə çevirən Azərbaycanda bütün xalqların nümayəndələrinə tarixən tolerant münasibət göstərilib. Azərbaycan multikulturalizmi sözünün arxasında çox böyük mədəniyyət, ədəbiyyat, tarix dayanır.
 
Qonaqlara Qafqaz Müsəlmanları İdarəsinin yaranma tarixi və fəaliyyəti barədə də məlumat verilib.
 
Təzəpir məscidinin axundu Mircəfər Əyyubov İslam dininin əsasları, məziyyətləri barədə danışıb. O deyib ki, İslam dini bəşəriyyətə sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma, qardaşlıq, mərhəmət ideyalarını təlqin edir.
 
Sonra qış məktəbinin iştirakçılarının sualları cavablandırılıb.
 
 

Oxunub : 325