Roma Katolik Kilsəsinin Azərbaycandakı ordinarisinin yepiskop rütbəsinə yüksəldilməsi münasibətilə tədbir keçirilib

  
Azərbaycanda bütün dinlərə mənsub insanlara eyni münasibət göstərilir. Burada bütün insanlar dostluq, qardaşlıq şəraitində yaşayırlar.
AZƏRTAC xəbər verir ki, bu fikir Roma Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Feketenin yepiskop rütbəsinə yüksəldilməsi münasibətilə fevralın 13-də keçirilən tədbirdə səsləndirilib.
Vladimir Fekete çıxışında ölkəmizdəki dini vəziyyətdən, multikultural və tolerant mühitdən məmnunluğunu ifadə edib, xalqımızın qonaqpərvərliyinə heyran qaldığını söyləyib.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə tədbirdə çıxış edərək Azərbaycan və Müqəddəs Taxt-Tac arasında bütün sahələrdə, o cümlədən dini-mənəvi sahədə qarşılıqlı faydalı əməkdaşlıqdan məmnunluğunu bildirib. O qeyd edib ki, bu əməkdaşlığın real nəticələri göz qabağındadır. Roma Papası Fransiskin zəngin mədəni irsə malik, ənənəvi dini dəyərlərə sadiq, eyni zamanda, multikultural, tolerant dəyərlər ölkəsi olan Azərbaycana səfəri ölkəmizin nümunəvi dinlərarası münasibətlər modelinə beynəlxalq müstəvidə yüksək dəyər oldu. Azərbaycan Prezidenti İlham Əliyevin Vatikana səfərləri, habelə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın nəcib təşəbbüsləri ilə Vatikanda həyata keçirilən layihələr böyük əhəmiyyətə malikdir.
“Dinlərarası dialoq və əməkdaşlığa dair beynəlxalq tədbirlərdə Vatikan rəsmiləri ilə uğurlu, səmərəli işbirliyimiz mövcuddur. Azərbaycan dövlətinin himayəsi ilə, habelə həmsədri olduğum MDB Dinlərarası Şurasının xətti ilə həyata keçirilən beynəlxalq tədbirlərdə Vatikan təmsilçiləri yaxından iştirak edirlər. Dinlərarası dialoq, insanlararası həmrəyliyə xidmət edən bütün fəaliyyətlərimizdə biz Roma Katolik Kilsəsinin Azərbaycandakı nümayəndəsi yepiskop Vladimir Fekete ilə səmərəli əməkdaşlıq edirik”, - deyə Allahşükür Paşazadə bildirib.
Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein Azərbaycanı güclü iqtisadiyyata malik ölkə kimi dəyərləndirib. Qeyd edib ki, iqtisadiyyatın inkişafı kimi ölkəmizdə dini tolerantlığın qorunub saxlanılması da daim dövlətin diqqət mərkəzindədir. Tolerantlıq Azərbaycan xalqının həyat tərzidir. Bütün dinlərə mənsub insanlar bu ölkədə rahat, sərbəst şəkildə yaşayırlar.
 

Oxunub : 214