«2017 — İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq» mövzusunda Beynəlxalq Konfransın Mətbuat-xülasəsi

 
 
        Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının Sərəncamına uyğun olaraq elan olunmuş «İslam Həmrəyliyi İli»nin yekunlaşması ilə bağlı 21 dekabr 2017-ci il tarixində Bakı şəhərində «2017 — İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq» mövzusunda Beynəlxalq Konfrans keçirildi.
        Qafqaz Müsəlmanları İdarəsinin Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi ilə birgə təşkil etdiyi Beynəlxalq Konfransda 40 ölkənin tanınmış dövlət, din və elm xadimləri, 8 beynəlxalq təşkilatın rəhbərləri və təmsilçiləri, müxtəlif dövlət başçılarının xüsusi nümayəndələri, müxtəlif dini konfessiya rəhbərləri, hökumət, ictimaiyyət və parlament üzvləri, diplomatik korpusların nümayəndələri bir araya gəldilər.
       Quran tilavətinin ardınca Beynəlxalq Konfrans Heydər Əliyev Mərkəzində öz işinə başladı.
       Azərbaycan Respublikasının prezidenti Zati-aliləri cənab İlham Əliyev Konfransda çıxış etdi.
       Beynəlxalq Konfransın ünvanına Türkiyə Cümhuriyyətinin Prezidenti cənab R.T.Ərdoganın, İran İslam Respublikasının Prezidenti cənab H.Ruhaninin, Özbəkistan Respublikasının Prezidenti cənab Ş. Mirziyoyevin, Müqəddəs Taxt-Tacın (Vatikan), Moskva və bütün Rusiya Patriarxı Zati-müqəddəsləri Kirillin, Ümumgürcüstan Katolikos-Patriarxı Zati-müqəddəsləri II İliyanın, Konstantinopol Patriarxı I Varfolomeyin adından daxil olmuş müraciət məktubları xüsusi nümayəndələri tərəfindən oxundu.
 Dünya müsəlmanları adından Beynəlxalq Forum iştirakçılarına müraciət edən İSESCO Baş Direktoru cənab Əbdüləziz Əl-Tüveycri İslam həmrəyliyi, dinlər və mədəniyyətlərarası dialoq işinin möhkəmləndirilməsində Azərbaycanın artan rolunu xüsusi vurğuladı.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Beynəlxalq Konfransda məruzə ilə çıxış etdi. Azərbaycan Prezidenti İlham Əliyevin elan etdiyi istər Multikulturalizm, istər İslam Həmrəyliyi illərini Azərbaycan dövlətinin dünyada gedən proseslərə özəl, dəyərli töhfəsi olaraq dəyərləndirən QMİ sədri İdarənin Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi ilə birgə İslam Həmrəyliyi Ili çərçivəsində Azərbaycanda, Rusiyada, Finlandiyada, İranda, Türkiyədə, Özbəkistanda və İspaniyada təşkil etdiyi beynəlxalq tədbirlər barədə məlumat verdi.
              Daha sonra Konfrans işini Mariott-Abşeron mehmanxanasının Şərq zalında plenar iclaslar formatında davam etdirdi. İclaslarda Əlcəzair, Əfqanıstan, İordaniya, Pakistan, Səudiyyə Ərəbistanı, BƏƏ-nin hökumət və parlament üzvlərinin, müxtəlif ölkələrin dini liderləri, ictimai təşkilat rəhbərləri, elmi dairələrinin nümayəndələrinin, o cümlədən, Misirin Baş Müftisi, ABŞ Yəhudi təşkilatları rəhbərlərinin Konfransının sədri, Livanın Maronit kilsəsinin rəhbəri – Antioxiya Kardinal-Patriarxı,  İslam Əməkdaşlığı Təşkilatı İdman Federasiyasının Baş katibi və b. çıxışları dinlənildi.
        Çıxışçılar yekdil olaraq bildirdilər ki, müasir dünyanın ziddiyyətli problemlərinin həlli müxtəlif millət və etiqad sahiblərinin qarşılıqlı anlaşma və dialoqundan keçir. Xüsusi vurğuladılar ki, Azərbaycan ümumbəşəri önəm kəsb edən ideyaların bütün dünya ictimaiyyətinə xitabən ucaldığı ənənəvi məkan statusunu bu il də qorumağa davam edir. Məmnunluq və rəgbət hissi ilə qeyd olundu ki, Azərbaycan Prezidenti  İlham Əliyevin elan etdiyi istər Multikulturalizm, istər İslam Həmrəyliyi illəri ümumi, bəşəri məramlara xidmət edən məntiqli, müdrik, ardıcıl missiyadır. Bu qlobal təşəbbüslər dünyamızda sülh, ədalət, dini və mədəni harmoniyanın, dialoq və əməkdaşlığın möhkəmlənməsinə ali xidmətdir və dünya xalqlarına mənəvi təsirini göstərir.
        Müzakirələrdə çıxış edən Konfrans iştirakçıları əminliklə bildirdilər ki, Azərbaycan Prezidenti İlham Əliyevin qlobal miqyasda dəyər kəsb edən təşəbbüsləri bəşəriyyətin xilası və insanlığın rifahına, bölgədə və dünyada sülh, anlaşma və dinc birgəyaşayış amallarına xidmət edir. Zəmanəmizin narahat gündəm yaşadığı, Şərqlə Qərbin kəskin ziddiyyətlərlə qarşılaşdığı bir dönəmdə istər İslam, istərsə Qərb dünyası ilə qarşılıqlı ehtirama əsaslanan beynəlxalq münasibətlərə malik Azərbaycan dövləti bütün dünyaya özünün sülhpərvər ruhunu, dialoq aparmaq mədəniyyətini, İslam dininin mənəvi dəyərlərini və mütərəqqi mahiyyətini bəyan edir. Bildirildi ki, milli, dini tolerantlıq və multikultural ənənələr diyarı olan Azərbaycanda sülh məramının və qarşılıqlı ehtiram məfkurəsinin bəşəriyyətə bəyan edilməsi üçün dövlət tərəfindən hər cür şərait yaradılmışdır. 
         Konfrans iştirakçıları müasir dövrdə multikulturalizm və islam həmrəyliyi ideyalarının əhəmiyyətini vurğulayaraq, radikalizm, terrorizm, ekstremizm, ksenofobiya və islamofobiya təzahürlərinə qarşı dünya ictimaiyyətini, dövlət, elm və din xadimlərini birgə əməkdaşlıq etməyə, belə halların qarşısının alınması üçün daha fəal olmağa çağırdılar.
         Konfrans iştirakçıları dinlərarası, konfessiyalararası və sivilizasiyalararası dialoqa, multikulturalizm və tolerantlıq ənənələrinə xüsusi əhəmiyyət verən Azərbaycan dövlətinin rolunu yüksək qiymətləndirərək, hazırki Zirvə Konfransının səmərəli fəaliyyəti üçün yaradılan münbit şəraitə görə minnətdarlıqlarını bildirdilər.
Konfransın foyesində Azərbaycan Respublikasının multikultualizm dəyərləri və İslam həmrəyliyinə töhfələrini əks etdirən fotostendlər və çap olunmuş kitablar  qonaqların diqqətinə təqdim olundu.
 Beynəlxalq Konfrans iştirakçıları Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevə təşəkkür məktubu ünvanladılar.
 Sonda Beynəlxalq Konfrans iştirakçıları dövlət başçılarına, beynəlxalq təşkilatlara və dini liderlərə Müraciət qəbul etdilər. Müraciətdə Konfrans iştirakçılarının son zamanlar Qüds ətrafında cərəyan edən hadisələrlə bağlı, habelə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həllinə dair mövqeyi öz əksini tapır.
 
Bakı şəhəri, 21 dekabr, 2017-ci il
 
 
*Materialdan istifadə zamanı sayta istinad vacibdir.
 
 

Oxunub : 751