Akademik Vasim Məmmədəliyevin irsi barədə kitab yazıldı

  
Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini, Bakı İslam Universitetinin dekanı, fəlsəfə üzrə fəlsəfə doktoru Hacı Fuad Nurullahın növbəti kitabı işıq üzü görüb. “Akademik Vasim Məmmədəliyev irsi” adından da bəlli olduğu kimi, görkəmli alim, Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şurasının sədri, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin dekanı, AMEA-nın həqiqi üzvü Vasim Məmmədəliyevə həsr olunub.
Kitaba ön söz yazan Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam, tarix elmləri doktoru, professor Allahşükür Paşazadə qeyd edib ki, akademik Vasim Məmmədəliyevin adı dünya şərqşünaslığının salnaməsinə qızıl hərflərlə yazılmağa layiqdir: “...Azərbaycan xalqı həqiqətən də fəxr edə bilər ki, şərqşünaslıq elminin Kraçkovski, Bertels, Bartold, Adam Mets kimi korifeyləri sırasında həmyerlimiz Vasim Məmmədəliyevin də özünəməxsus yeri var.
Hacı Fuad Nurullahın ərsəyə gətirdiyi kitab Qurani-Kərimin Azərbaycan dilinə tərcüməsində və müasir şərqşünaslıq elmində özünəməxsus yeri olan akademik Vasim Məmmədəliyevin elmi-dini fəaliyyətinə həsr edilib. İndiyə kimi bu mövzu ilə bağlı Azərbaycanda bir sıra elmi və publisistik yazılar qələmə alınsa da, ilk dəfə məhz Hacı Fuad Nurullah onu elmi aspektdən araşdırıb və nəticədə sanballı bir tədqiqat əsəri ortaya qoyub...”
Hacı Fuad Nurullahın bu kitabı “Akademik Vasim Məmmədəliyevin həyatı, yaradıcılığı və elmi-dini fəaliyyətinin əsas istiqamətləri”, “Akademik Vasim Məmmədəliyev Quranşünas alim kimi” fəsillərdən ibarətdir.
“Nurlar” Nəşriyyat-Poliqrafiya Mərkəzində çap olunan kitabın elmi redaktoru Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, rəyçiləri QMİ-nin sədr müavini, Bakı İslam Universitetinin rektoru Hacı Sabir Həsənli, professorlar Kamandar Şərifov, Nəsib Göyüşov və dosent Zəkiyə Əbilova, redaktorları QMİ-nin şöbə müdiri, Bakı İslam Universitetinin kafedra müdiri Əlirza Qafarov, filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə və QMİ-nin aparıcı mütəxəssisi, Bakı İslam Universitetinin baş müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru İbrahim Quliyevdir.
Kitab görkəmli alim, akademik Vasim Məmmədəliyevin 75 illik yubileyinə həsr olunub.
 

*Materialdan istifadə zamanı sayta istinad vacibdir.

Oxunub : 2133