Buxara şəhəri ilə tanışlıq azərbaycanlı qonaqlarda xoş təəssüratlar yaradıb

  
 
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Buxara şəhərində olub.
 
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Akif Əlizadənin, Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzovun, aqrar siyasət komitəsinin sədri, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar İbrahimovun, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, deputat Hikmət Babaoğlunun, deputat Cavanşir Paşazadənin və digərlərinin daxil olduğu nümayəndə heyəti şəhərlə yaxından tanış olub və silsilə görüşlər keçirib.
 
Qonaqlar Buxara ilə tanışlığa Bahauddin Naqşibəndi məqbərəsini ziyarətlə başlayıblar. Onlara Bahauddin Naqşibəndi və məqbərənin tarixi haqqında məlumat verilib. Şeyxülislam kompleksin nəzdindəki Ali Mədrəsəsinin tələbələri ilə görüşüb, onlara xeyir-dua verib.
 
Mədrəsənin direktoru Xayderxan Yuldaşxujaev mədrəsə haqqında məlumat verib. Sonra qonaqlar kompleksin məscidində namaz qılıblar.
 
Qonaqlar Buxaranın mərkəzindəki Mir Ərəb Mədrəsəsində də tələbə və müəllimlərlə görüşüblər.
 
Mədrəsənin direktoru Elov Jabir bildirib ki, şeyxülislam Allahşükür Paşazadə bu mədrəsədə təhsil alıb. O qeyd edib ki, Çeçenistanın birinci Prezidenti, mərhum Əhməd Kadırov, Rusiya Müftilər Şurasının sədri Ravil Qaynutdin və digərləri də bu mədrəsənin yetirmələridir.
 
Şeyxülislam deyib: “Hər dəfə buraya gələndə həm sevinir, həm də kədərlənirəm. Bunu izah etməyə ehtiyac yoxdur. Buranın hər daşı, hər kərpici mənə əzizdir”.
 
Şeyx tələbələrə müraciətlə deyib: Siz gələcəyin alimləri və ilahiyyatçılarısınız, Allahın kəlamlarını insanlara çatdıracaqsınız. Yaxşı təhsil almaq, dini dəyərlərə dərindən yiyələnmək sizin borcunuzdur”.
 
Qonaqlar IX-X əsrə aid İsmayıl Samani məqbərəsini, Samanilər bağını və digər tarixi yerləri gəzərək Buxarada keçirilən “Şəhər Günü” bayramına qatılıblar.
 
Sonra şeyxülislam Allahşükür Paşazadə Mir Ərəb Mədrəsəsində təhsil aldığı illərdə ona dərs deyən müəllimi, şair və alim, azərbaycanlı İbrahim Qasımovun məzarını da ziyarət edib, ruhuna dua oxuyub.
 
Bununla da şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin Özbəkistana səfəri başa çatıb.
 
Xatırladaq ki, nümayəndə heyəti “İslam həmrəyliyi Özbəkistan-Azərbaycan dostluğu timsalında” mövzusunda beynəlxalq konfransda iştirak etmək üçün Özbəkistanda səfərdə idi.
 
 

Oxunub : 2372