QMİ təmsilçiləri Avropa İttifaqının mənzil-qərargahında görüşlər keçiriblər

  
 
Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların təmsilçiləri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəsmiləri Avropa İttifaqının dəvəti ilə Belçikada səfərdə olublar. Qafqaz Müsəlmanları İdarəsini tədbirdə QMİ sədrinin müavini, Bakı İslam Universitetinin dekanı Hacı Fuad Nurullayev və Qazılar Şurasının üzvü Hacı Ceyhun Rüstəmov təmsil ediblər. Nümayəndə heyətinin üzvləri bu beynəlxalq təşkilatın Belçikanın paytaxtı Brüssel şəhərindəki mənzil-qərargahında bir sıra görüşlər keçirib, həmçinin NATO təmsilçiləri ilə müzakirələr aparıblar.
QMİ-nin sədr müavini Hacı Fuad Nurullayev Belçika səfəri barədə təəssüratlarını Qafqazislam.com saytına bölüşüb: “Mətbuatdan məlum olduğu kimi, ölkəmizdəki müxtəlif dini konfessiyaların nümayəndələri Avropa İttifaqının xətti ilə Belçikaya dəvət olunmuşdular. QMİ təmsilçilərindən başqa nümayəndə heyətinə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Siyavuş Heydərov, komitəsinin şöbə müdiri Nicat Məmmədli, Avropa Yəhudiləri dini icmasının sədri Aleksandr Şarovski, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Elnur Əfəndiyev və  “Həyat sözü” protestant dini icmasının sədri Rasim Xəlilov daxil idilər. Brüsseldə ilk görüşümüz Azərbaycanın Belçikadakı səfirliyində oldu. Ölkəmizin Belçikadakı fövqəladə və səlahiyyətli səfiri və Avropa İttifaqı yanındakı nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov hər birimizlə səmimi görüşdü, başçılıq etdiyi diplomatik korpusun fəaliyyəti, beynəlxalq təşkilatla ölkəmiz arasında həyata keçirilən işlər barədə ətraflı məlumat verdi. F. İsgəndərov səfərimizin əhəmiyyətindən də danışdı, nümayəndə heyətinə uğurlar arzuladı”.
Hacı Fuad Nurullayev Avropa İttifaqında keçirdiyi görüşlər barədə danışıb, ölkəmizdəki tolerantlıq mühiti ilə bağlı səmərəli müzakirələr aparıldığını bildirib: “Bu nüfuzlu beynəlxalq təşkilatın Brüsseldəki mənzil-qərargahında bizi Avropa İttifaqının Ali Komissarının müavini Con Belliard qarşıladı, təmsil etdiyi qurumun Qafqazda, o cümlədən Azərbaycanda həyata keçirdiyi layihələr barədə məlumat verdi, ölkəmizlə əməkdaşlığa böyük dəyər verdiklərini xüsusi vurğuladı. Ali Komissarın müavini Azərbaycanda dini durumu da daim diqqətlə izlədiklərini qeyd etdi.
Nümayəndə heyətinin üzvləri də öz növbəsində ölkəmizdə din-dövlət münasibətləri, bu sahədə görülən işlər barədə ətraflı bilgi verdilər. Bildirdik ki, Azərbaycanda tolerantlıq, başqa dinlərə və müxtəlif məzhəblərə hörmət tarixən olub, xalqımız bu ənənəni min illərdir ki, yaşadır. Ona görə də Azərbaycanda dini zəmində heç vaxt qarşıdurma olmayıb, təsadüfi deyil ki, ölkəmizdəki tolerantlıq və multikulturalizm mühiti dünyanın müxtəlif dövlətləri tərəfindən bir nümunə kimi öyrənilir və təşviq olunur. C. Belliardla söhbət zamanı bir məsələni təəssüflə qeyd etdik, bildirdik ki, bəzi beynəlxalq qurumlar Azərbaycandakı dini durumla bağlı hesabatlar hazırlayarkən qeyri-obyektivlik nümayiş etdirir, real faktları təhrif etməkdən çəkinmirlər. Bu isə ölkə dindarlarını, ictimaiyyəti ciddi narahat edir”.
QMİ-nin sədr müavinin sözlərinə görə, nümayəndə heyəti görüşdə xalqımızın ən böyük problemi olan Qarabağ məsələsi və münaqişənin tarixi barədə də ətraflı məlumat veriblər. Erməni işğalçılarının Dağlıq Qarabağda və zəbt etdikləri digər ərazilərdə təkcə məscidlərə deyil, kilsə və məbədlərə qarşı da vandalizm hərəkətlərinə yol verdiklərini konkret faktlarla diqqət çatdırıblar. Avropa Birliyindən bu məsələyə obyektiv və ədalətli mövqe tələb ediblər.
Nümayəndə heyəti Avropa Parlamentini təmsil edən bir qrup deputatla da görüşərək fikir mübadiləsi aparıb. Görüş zamanı parlament üzvü, Pakistan əsilli İngiltərə vətəndaşı Səccad Kərim ölkəmizdəki sabitliyi və multikulturalizmi yüksək dəyərləndirib və bildirib ki, Azərbaycan balaca ölkə olsa da bu sahədə dünya üçün çox vacib olan böyük addımlar atıb.
Hacı F           uad Nurullayevin sözlərinə görə, səfər çərçivəsində ölkəmizin NATO-dakı nümayəndəliyi də ziyarət edilib. Azərbaycanlı diplomatların gördüyü işlər nümayəndə heyətinin marağına səbəb olub. Müvəqqəti işlər vəkili Qaya Məmmədov nümayəndəliyin fəaliyyəti barədə qonaqlara geniş məlumat verib.
NATO-nunh mənzil-qərargahında keçirilən müzakirə də yaddaqalan olub: “NATO-nun İctimaiyyətlə əlaqələr üzrə proqramlar rəhbəri xanım Despina Afentoli ilə fikir mübadiləsi apardıq, Azərbaycanın məruz qaldığı işğal və terrorla bağlı məlumat verdik. Dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların Ermənistanın təcavüzkar hərəkətlərinə biganə qaldığından narazılığımız bildirdik. NATO təmsilçisi özü də dünyada ikili standartların olduğunu etiraf etdi. Görüş zamanı belə bir yekdil rəyə gəlindi ki, dünyada sabitliyin əldə olunması üçün din xadimləri də səylərini birləşdirməlidirlər”.       
    
  
*Materialdan istifadə zamanı sayta istinad vacibdir.

Oxunub : 182