Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyəti beynəlxalq səviyyədə təqdir edilir

  
 Ölkə müsəlmanlarının dini mərkəzi kimi fəaliyyət göstərən Qafqaz Müsəlmanları İdarəsi beynəlxalq müstəvidə humanizm, tolerantlıq, multikulturalizm ideyalarının təbliğatçısı, dünyada etnik və dini zəmində baş verən münaqişələrin sülh yolu ilə həllinin tərəfdarı , mədəniyyətlərarası, dinlərarası dialoqun fəal iştirakçısı, məzhəblərarası birliyin carçısı kimi böyük nüfuza malikdir.
 
Son illər ərzində QMİ-nin təşkilatçılığı ilə Azərbaycan bir çox beynəlxalq nüfuzlu dövlət, elm və din xadimlərinin iştirak etdiyi mötəbər forumlara ev sahibliyi etmiş, ölkəmizə qədimdən bəri xas olan məzhəblərarası sülh və dinlərarası tolerantlıq mühitini dünya ictimaiyyətinə nümayiş etdirmişdir. Ölkə başçısı cənab İlham Əliyev tərəfindən 2016-cı ilin Azərbaycanda Multikulturalizm ili, 2017-ci ilin isə İslam həmrəyliyi ili elan olunması ilə Qafqaz Müsəlmanları İdarəsi bu çərçivədəki fəaliyyətini daha da artırmışdır.
Qafqaz Müsəlmanları İdarəsi Azərbaycan Respublikası Dini qurumlarla iş üzrə Dövlət Komitəsi, habelə digər yerli və xarici təşkilatlarla birgə təkçə ölkəmizdə deyil, həmçinin xarici ölkələrdə bir sıra beynəlxalq əhəmiyyətli tədbirlər keçirmişdir. Belə ki, ötən il İspaniyada, cari ilin mart - aprel aylarında Bakıda, Finlandiyada, avqust ayında isə İranda beynəlxalq konfranslar keçirilmişdir.
QMİ İslam həmrəyliyi ili çərçivəsində ilin sonunadək Türkiyədə, Rusiyada, Özbəkistanda, İspaniyada və Mərakeşdə də birgə tədbirlərin keçirilməsini planlaşdırıb. İdarəyə 40 ilə yaxındır ki, başçılıq edən Şeyxülislam Allahşükür Paşazadə nüfuzlu beynəlxalq təşkilatlarda rəhbər vəzifələrə, o cümlədən, Müstəqil Dövlətlər Birliyi Dinlərarası Şurasının həmsədri, Müstəqil Dövlətlər Birliyi müsəlman dini liderlərinin Məşvərət Şurasının və Qafqaz Xalqları Ali Dini Şurasının sədri, Ümumdünya İslam Konqresinin, Ümumdünya Sülh Şurasının, habelə Avrasiya İslam Şurasının rəyasət heyətinin üzvü vəzifələrinə seçilmişdir.
 
Allahşükür Paşazadənin adı dünyanın ən nüfuzlu din adamları arasında çəkilir, onun sülhməramlı fəaliyyəti müxtəlif beynəlxalq təşkilatlar tərəfindən böyük təqdirlə qarşılanır. Bir neçə gün əvvəl Şeyxülislam Allahşükür Paşazadə daha bir beynəlxalq nüfuzlu dövlətlərarası təşkilatın rəhbərliyində iştirak etmək üçün təklif alıb. Söhbət Avstriyanın paytaxtı Vyana şəhərində yerləşən, Kral Abdulla Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzi adlı beynəlxalq hökumətlərarası təşkilatdan gedir.
Bakıda rəsmi səfərdə olan təşkilatın baş katibi cənab Feysəl bin Müəmmər avqustun 17-də QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadəni ziyarət edib. Qonaq QMİ sədrinin beynəlxalq nüfuzunu, habelə İslam həmrəyliyi, dinlərarası dialoqun, multikulturalizm və tolerantlıq ideyalarının inkişafına verdiyi töhfələri nəzərə alaraq Şeyxülislam A.Paşazadənin namizədliyini Kral Abdulla Dialoq Mərkəzinin direktorlar şurasının üzvlüyünə irəli sürmək üçün onun razılığını almaq məqsədilə müraciət edib. İslam dininin ali məqsədlərinə, dinlərarası, mədəniyyətlərarası dialoq, sülh və həmrəylik ideyalarının bərqərar olmasına həmişə xidmət etməyə hazır olduğunu bildirən QMİ sədri namizədliyinin irəli sürülməsinə razılıq verib.
Kral Abdulla Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzi (KAICIID) Səudiyyə Ərəbistanı Krallığı, İspaniya və Avstriya tərəfindən təsis olunmuş və Vatikan dövlətinin baş müşahidəçi kimi çıxış etdiyi həmin təşkilatın əsas vəzifəsi dünyada baş verən münaqişələrin qarşısını almaq, onları aradan qaldırmaq üçün dünya səviyyəsində dinlərarası və mədəniyyətlərarası dialoqu təşviq etməkdən ibarətdir. Kral Abdulla Dialoq Mərkəzinin dinlərarası və mədəniyyətlərarası dialoqun inkişafı, müxtəlifliyə, ədalətə və sülhə hörmətin artırılmasına yönəlmiş missiyası eləcə də 25 ölkə, beş qitədən cəlb olunmuş, müxtəlif mədəni və dini mənsubiyyəti olan şəxslərdən ibarət işçi heyətində öz əksini tapır. Kral Abdulla Dialoq Mərkəzi dünyanın müxtəlif regionlarında, o cümlədən Avropa, Amerika, Afrika, Asiya, o cümlədən, Yaxın Şərq ölkələrində müxtəlif humanitar layihələr həyata keçirir.
Həmin layihələr arasında “Avropada qaçqınlar proqramı”, “Din naminə zorakılığa qarşı birlik”, “Dinlərarası və Mədəniyyətlərarası dəstək proqramı”, habelə beynəlxalq təqaüdlü təlim proqramı və digərləri göstərilə bilər. Qeyd olunmuş illik təlim proqramının məqsədi dünyanın müxtəlif ölkələrindən olan, müxtəlif dinləri təmsil edən şəxsləri gələcəyin dini liderləri kimi yetişdirilməkdir. Kral Abdulla Dialoq Mərkəzinə dünyanın müxtəlif ölkələrindən hər 4 ildə bir seçilən 3 müsəlman, 3 xristiyan, 1 yəhudi, 1 buddist və 1 induist din xadimindən ibarət direktorlar şurası başçılıq edir.
Qeyd edək ki, KAICIID dünyanın aparıcı dini konfessiyalarının nümayəndələrindən ibarət direktorlar şurası olan yeganə hökumətlərarası təşkilatdır.
 
*Materialdan istifadə zamanı sayta istinad vacibdir.

Oxunub : 1921