Qafqaz Müsəlmanları İdarəsində qəbul

  
Avqustun 17-də QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə Kral Abdulla Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin baş katibi cənab Feysəl bin Müəmməri qəbul edib.
Cənab Feysəl bin Müəmməri səmimi salamladıqdan sonra Şeyxülislam həzrətləri qonağın diqqətini 2017-ci ilin Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə İslam Həmrəyliyi ili elan etdiyinə çəkərək, bununla əlaqədar ölkədə və onun xaricində keçirilən miqyaslı beynəlxalq tədbirlər barədə məlumat verib. Şeyxülislam A.Paşazadə cənab Feysəl bin Müəmmərin nəzərinə çatdırıb ki, artıq Bakıda, Pyatiqorskda, Helsinkidə və Tehranda birgə konfranslar uğurla keçirilib, ilin sonunadək isə QMİ həmçinin İstanbul, Daşkənd, Madrid, Sankt Peterburq, habelə Rabatda İslam Həmrəyliyinə və dinlərarası dialoqa həsr olunmuş bir sıra beynəlxalq konfrans keçirməyə hazırlaşır. QMİ sədri qonağı həmçinin sentyabrın 8-də Moskva şəhərində Moskva və Bütün Rusiya Patriarxı ilə görüşəcəyi barədə, habelə Patriarx Kirillin təşəbbüsü ilə erməni kilsəsinin rəhbəri ilə keçiriləcək üçtərəfli görüş barədə məlumatlandırıb. QMİ-nin həyata keçirdiyi fəaliyyətinin önəmli hissəsinin dünya miqyasında dinlərarası dialoqun inkişafına xidmət etdiyini qeyd edən Şeyxülislam həzrətləri Kral Abdulla Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin eyni sahədə apardığı fəaliyyəti yüksək qiymətləndirib və qonağı QMİ tərəfindən təşkil olunan tədbirlərdə iştirak etməyə dəvət edib.
Şeyxülislam Allahşükür Paşazadəyə onu qəbul etdiyi üçün öz təşəkkürünü bildirən cənab Feysəl bin Müəmmər ölkəmizə gəliş məqsədinin bu günlərdə Bakıda keçirilən 13-cü Dünya Skaut Gənclər Forumu və 41-ci Dünya Skaut Konfransında iştirak etmək olduğunu bildirib və baş katibi olduğu qurumun fəaliyyəti haqda məlumat verib. Qonaq Bakıya ötən aprel ayında Ümumdünya Humanitar Forumunda iştirak etmək məqsədli ilk səfərini və həmin səfər vaxtı Şeyxülislam həzrətləri ilə tanış olduğunu xatırladıb. Qonaq QMİ sədrinin beynəlxalq nüfuzunu, habelə İslam həmrəyliyi, dinlərarası dialoqun, multikulturalizm və tolerantlıq ideyalarının inkişafına verdiyi töhfələri nəzərə alaraq onun namizədliyini Kral Abdulla Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin idarə heyətinin üzvlüyünə təqdim etmək üçün Şeyxülislam həzrətlərinin razılığını xahiş edib. İslam dininin ali məqsədlərinə, dinlərarası, mədəniyyətlərarası dialoq, sülh və həmrəylik ideyalarının bərqərar olmasına həmişə xidmət etməyə hazır olduğunu bildirən QMİ sədri namizədliyinin irəli sürülməsinə razılıq verib. Cənab Feysəl bin Müəmmər A.Paşazadəyə bu təklifi qəbul etdiyinə görə öz təşəkkürünü bildirib.
Görüşün sonunda qonağa xatirə hədiyyəsi təqdim olunub. Görüşdə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müsaid bin İbrahim əs-Süleym və QMI sədrinin 1-ci müavini S.Musayev iştirak ediblər.
Məlumat: Kral Abdulla Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzi (KAICIID) Səudiyyə Ərəbistanı Krallığı, İspaniya və Avstriya tərəfindən təsis olunmuş beynəlxalq hökumətlərarası təşkilatdır. Qurumun əsas vəzifəsi dünyada baş verən münaqişələrin qarşısını almaq, onları aradan qaldırmaq üçün dünya səviyyəsində dinlərarası və mədəniyyətlərarası dialoqu təşviq etməkdir. Qərargahı Vyana şəhərində yerləşir. Quruma dünyanın müxtəlif ölkələrindən hər 4 ildə bir seçilən 3 müsəlman, 3 xristiyan, 1 yəhudi, 1 buddist və 1 induist din xadimindən ibarət idarə heyəti başçılıq edir.
 
 
 
 
*Materialdan istifadə zamanı sayta istinad vacibdir.

Oxunub : 2574