QAFQAZ MÜSƏLMANLARI İDARƏSİ QAZILAR ŞURASININ FƏTVASI

  
Bismillahir-rəhmanir-rəhim!
 
Aləmlərə rəhmət, möminlərə mərhəmət olan Qur`ani-Kərimin nazil olduğu Mübarək Ramazan ayının başlanması münasibəti ilə dünya müsəlmanlarını, o cümlədən, ölkəmizdəki müsəlman qardaş və bacılarımızı təbrik edir, Allah-taaladan ibadətlərimizin və dualarımızın qəbul olunmasını diləyirik. Ramazani-şərifin başlanması ilə əlaqədar olaraq Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və Elmi-Dini Şurası aşağıdakıları bəyan edir:
Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının bu ilki hesablamalarına əsasən, ölkə ərazimizin üfüqünə uyğun olaraq Ramazan ayının 1-i Ayın görünməsi ilə miladi təqvimlə 27 may 2017-ci ilə təsadüf edəcəkdir. Ayın göründüyü  andan  etibarən  Ramazan ayı başlayacaqdır.
Oruc ibadəti fərqli qaydalar əsasında bütün səmavi dinlərdə Uca Yaradan tərəfindən vacib buyurulmuşdur.  Müqəddəs Kitabımız Qur`ani-Şərifdə Allah-Təalanın hökmü belədir: «İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) Ramazan ayında nazil edilmişdir. Aya (Ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar»  (Bəqərə, 185).  Həzrəti Peyğəmbərdən nəql olunan qüdsi hədislərdə orucluğun Allah-taalaya aid olduğu və mükafatının da məhz Uca Allahın Özü tərəfindən veriləcəyi bildirilmişdir.
Oruc ibadəti insanları mənəvi cəhətdən saflaşdırır, onların  günahlardan tövbə etmələrinə və Allah-taala yolunda xeyirxah işlər görmələrinə səbəb olur. Bu ibadətin sayəsində insan aclığa və susuzluğa tab gətirərək öz nəfsinə qalib gəlir. Mərhəmət və şəfqət ayı olan müqəddəs Ramazan ayında ehtiyacı olanlara, uşaq evlərinə, ahıl və kimsəsizlərə imkan daxilində kömək etmək, ifrata və israfa yol vermədən iftar süfrələri açmaq Allah nəzərində bəyənilən əməllərdəndir. Bu ayda ən böyük savab – Qur`anı tilavət etmək, valideynlərin xeyir-duasını almaq, dünyasını dəyişənlərin ruhlarını yad etmək,   elm və fəzilət sahiblərinə ehtiram göstərmək, insanlar arasında ünsiyyət,  dostluq  və  qarşılıqlı hörməti təbliğ etməkdir.
Hər il olduğu kimi, bu il də Qafqaz Müsəlmanları İdarəsi AMEA Şamaxı Astrofizika Rəsədxanası ilə birlikdə Azərbaycan ərazisi üfüqünə uyğun olaraq Ramazan ayının əvvəli, namaz vaxtları, bu mübarək ayın gündəlik duaları, eləcə də bayram tarixini müəyyənləşdirən xüsusi təqvim tərtib etmişdir. Digər mənbələrdən daxil olmuş, təxribat və təfriqə xarakterli, məzhəb və vaxt ayrıseçkiliyinə səbəb ola biləcək təqvimlərin din xadimləri və dindarlar tərəfindən istifadəsi yolverilməzdir. Əminik  ki, Azərbaycan Respublikasının Dini qurumlarla iş üzrə Dövlət Komitəsi və yerli İcra Hakimiyyətlərinin müvafiq qurumları bu məsələdə bizə köməkçi  olacaq, kütləvi informasiya vasitələri və sosial mediada QMİ-nin tərtib etdiyi, məzhəb ayrı-seçkiliyinin  yolverilməzliyi  baxımından vacib olan təqvimin təbliği  və  yayılmasına nəzarət edəcəklər.
İnşallah,  Eydül-Fitr – Ramazan bayramı Şəvval ayının 1-i  - Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq iyun ayının 26-na təsadüf edəcəkdir. Azərbaycan hökumətinin dini bayramlarımız olan Ramazan və Qurban bayramlarına  ehtiramının göstəricisi kimi bu bayramlar dövlət  səviyyəsində  qeyd  olunur. Bu, dövlətimizin dini dəyərlərə ehtiram və qayğısının təzahürü, din-dövlət  münasibətlərinin yüksək səviyyəsindən irəli gələn məqamdır. Bu ehtiramlı münasibət, habelə 2017-ci ilin Azərbaycan Prezidenti Zati-aliləri İlham Əliyev tərəfindən İslam Həmrəyliyi İli elan olunması dindarlar tərəfindən minnətdarlıqla qarşılanır.
Orucun  mühüm  əməllərindən  biri olan fitrə zəkatının vaxtı  Ramazan  ayının son  günüdür.  Fitrə canın sədəqəsidir və hər bir imkanı olan müsəlmanın ailəsinin hər  bir  üzvü  üçün fitrə zəkatı çıxarıb  imkansızlara,  ehtiyacı  olan  ailələrə  verməsi  vacibdir. Qazılar  Şurasının  qənaətinə  görə, bugünkü günə uyğun olaraq adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi  məsləhət  görülür.
QMİ Qazılar Şurası və Elmi-Dini Şurası din xadimlərimizə bir daha xatırladır ki, müqəddəs Ramazan ayı ərzində iftar vaxtından qabaq açılan süfrələrdə iştirak etmək şəriətə görə böyük günahlardandır. Bu xəbərdarlığımızı nəzərə almayan din xadimləri barəsində ciddi tədbirlər görüləcəkdir.
Qazılar Şurası din xadimlərimizə tövsiyə edir ki, bu əziz günlərdə dinimizdə müqəddəs sayılan şəxsiyyətlərlə yanaşı, torpaqlarımız, Vətənimiz uğrunda canlarından  keçən  qəhrəman  şəhidlərin əziz xatirəsi yad edilsin, ruhlarına dualar oxunsun, xütbə və moizələrdə vətənpərvərlik hisslərinin təbliğinə xüsusi diqqət yetirilsin.
Duaların qəbul olunduğu mübarək Ramazan ayında biz müstəqilliyimizi əbədi edən Ulu Öndər Heydər Əliyevi rəhmətlə yad edir, dövlətçiliyimizin möhkəmlənməsi və xalqımızın rifahı naminə böyük işlər görən dövlət rəhbərimiz İlham Əliyev cənablarına Allah-taaladan xeyir-dualar diləyirik. Duamız budur ki, Qadir Allah doğma Azərbaycanımızın qüdrətli və firavan gələcəyini, ölkəmizdə və bütün dünyada sülhü bərqərar etsin, gələn Ramazan iftarlarımızı doğma Qarabağda açmağı nəsib etsin. Qayıdışımızın rəmzi olan Cocuq Mərcanlı məscidinin minarələrindən ucalacaq azan böyük zəfərimizin müjdəsi olsun, inşallah!
Müsəlman qardaş və bacılarımızı mübarək Ramazanın gəlişi münasibətilə bir daha təbrik edir, müqəddəs dinimizə ehtiram nümayiş etdirməkdə, oruc ibadətlərimizi layiqincə tamamlamaqda bizə yardımçı olmasını Uca Rəbbimizdən diləyirik!
Allah oruc və namazlarınızı qəbul etsin! Amin!
Vəssalamu əleykum və rəhmətullahi və bərəkatuh!
                                          
 
       Bakı şəhəri, 24 may 2017-ci il           
 
*Materialdan istifadə zamanı sayta istinad vacibdir.
 

Oxunub : 6473