Amerikalı tanınmış jurnalist Nurit Qringer QMİ-də

  
Mayın 3-də ABŞ-ın Los-Anceles şəhərindəki “Jesruselem Post” qəzetinin əməkdaşı, tanınmış jurnalist Nurit Qringer Qafqaz Müsəlmanları İdarəsində qonaq olub.
Qonağı qəbul edən Qafqaz Müsəlmanları İdarəsinin Aparat rəhbəri Simran Həsənov dini mərkəzin tarixi, Azərbaycanın ictimai həyatındakı rolu barədə ətraflı məlumat verib, Şeyxülislam Allahşükür Paşazadənin ölkəmizdə və regionda dinlərarası dialoqun möhkəmləndirilməsi sahəsindəki xidmətlərindən danışıb.
Aparat rəhbəri qeyd edib ki, Azərbaycan xalqı tarixən digər dinlərə və mədəniyyətlərə dözümlü münasibət bəsləyib, bunu özünün həyat tərzinə çevirib.  Təsadüfi deyil ki, ölkəmizdəki tolerantlıq mühiti digər ölkələr üçün bir modelə çevrilməkdədir.
QMİ təmsilçisi Azərbaycanda din-dövlət münasibətləri sahəsində görülən işlər, dini icmaların fəaliyyəti, etiqad azadlığı haqqında qəbul olunan qanunlar barədə qonağa məlumat verib.
Simran Həsənov Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə ötən ilin ölkəmizdə “Multikulturalizm ili” elan olunduğunu xatırladıb, bununla bağlı QMİ-nin keçirdiyi beynəlxalq konfranslar barədə məlumat verib. Aparat rəhbəri onu da vurğulayıb ki, ölkə başçısı 2017-ci ili “İslam Həmrəyliyi ili” elan etməklə Azərbaycanın dünya müsəlmanları arasında birliyə və həmrəyliyə necə böyük önəm verdiyini bir daha nümayiş etdirib. Bir neçə gündən sonra Bakıda IV İslam Həmrəyliyi Oyunlarına start veriləcək, belə bir tədbirin ölkəmizdə keçirilməsi bir daha onu göstərir ki, Azərbaycan İslam aləmi üçün önəmli bir dövlətdir.
QMİ-nin Aparat rəhbəri xanım Nurit Qringerin Amerika mətbuatında ölkəmizdəki  multikulturalizm və dini tolerantlıq mühiti haqqında pozitiv yazılarla çıxış etməsini müsbət hal kimi qiymətləndirib, Azərbaycan həqiqətlərinin dünyaya tanıdılmasının vacibliyini vurğulayıb, jurnalistə gələcək fəaliyyətində uğurlar arzulayıb.
Bakıda keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün Azərbaycana gəldiyini deyən xanım Nurit Qringer ölkəmizdəki dini tolerantlıq mühitinin yüksək səviyyədə olduğunu, burada gördüyü dinlərarası harmoniyaya heyran qaldığını deyib, ABŞ-a qayıdarkən bu barədə daha geniş yazılarla çıxış edəcəyini bildirib.    
Qonağa QMİ-nin fəaliyyətini əks etdirən kitablar hədiyyə olunub. Amerikalı jurnalist Təzəpir məscidini də ziyarət edib, dini abidənin tarixi, kompleksdə dövlət tərəfindən aparılan bərpa-yenidənqurma işləri barədə ətraflı məlumat toplayıb.
 
 
 
 
*Materialdan istifadə zamanı sayta istinad vacibdir.

Oxunub : 2402