Aprelin 26-da Şeyxülislam Allahşükür Paşazadə Finlandiyaya yola düşür.

  
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə aprelin 26-da Finlandiyaya səfərə yola düşür.
     Səfərdə məqsəd 27 aprel tarixində Helsinki şəhərində keçiriləcək «Multikulturalizm, İslam həmrəyliyi və dinlərarası tolerantlıq: Azərbaycan təcrübəsi və onun Avropa üçün əhəmiyyəti” mövzusunda Konfransda iştirak etməkdir. Azərbaycan Respublikasının Finlandiyadakı səfirliyinin və Helsinki Universiteti nəzdində Aleksanteri İnstitutunun təşkilatçılığı ilə keçiriləcək konfransda Azərbaycan və Finlandiyada fəaliyyət göstərən dini icmaların rəhbərləri, dövlət və hökumət nümayəndələri, parlament təmsilçiləri iştirak edəcəklər.
 Səfər çərçivəsində QMİ sədri Şeyxülislam A. Paşazadə Finlandiyanın Baş Nazirinin Beynəlxalq məsələlər üzrə müşaviri xanım Anna-Kaisa Heikkinen, Finlandiya Xarici İşlər Nazirinin müavini cənab Samuli Virtanen, Finlandiya Parlamentinin dini məsələlər üzrə Administrasiya Komitəsinin sədri Juho Eerola və Finlandiyanın Təhsil və Mədəniyyət Nazirinin müavini xanım Zabrina Holmström ilə görüşəcəkdir.
   Şeyxülislam Allahşükür Paşazadənin səfər müddətində Finlandiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvləri ilə də görüşü nəzərdə tutulur.
 
 
Qafqaz Müsəlmanları İdarəsinin
 Mətbuat Xidməti
 
*Materialdan istifadə zamanı sayta istinad vacibdir.

Oxunub : 1234