Bakı İslam Universiteti “Qurani-Kərimi gözəl oxumaq-2017” müsabiqəsi keçirir

  
Aprelin 22-də Bakı İslam Universitetində gənclər arasında təşkil olunan Quran müsabiqəsinin seçim mərhələsi keçirildi. İlk mərhələdə gənc quransevərlər əvvəlcədən onlara verilən surələr üzrə tilavət etməli idilər. Müsabiqədə BİU-nun yuxarı kurs tələbələri ilə yanaşı 1-ci kursdan olan tələbələrin də cəsarət nümayiş etdirərək iştirak etmələri böyük marağa səbəb oldu. Müsabiqəni giriş sözü ilə “Tədris şöbəsi”nin müdiri, Universitetin Qiraət müəllimi Hacı Əbülfət Vəliyev açıq elan etdi. Ə.Vəliyev tələbələrimizə öz tövsiyələrini verməklə yanaşı, müsabiqənin şərtləri haqqında da geniş məlumat verdi. Bundan sonra iştirakçı nömrələrini əldə edən tələbələr Qurani-Kərimi tilavət etmək üçün ardıcıllıqla səhnəyə dəvət aldılar. Bakı İslam Universitetinin müəllimlərindən ibarət olan münsiflər heyəti gənclərin tilavətini qiymətləndirərək öz qeydlərini aparmağa başladılar. Olduqca maraqlı və gərgin keçən mübarizə şəraitində münsiflər heyətinin ədalətli qərarı ilə 35 nəfər iştirakçıdan 12-si final mərhələsinə çıxdı. Sonra gənclər adları çəkilərək səhnəyə dəvət olundular. BİU-nun prorektoru Hacı Elçin Həsənli və “İctimai fənlər” kafedrasının müdiri Hacı Elvin Talışınski final mərhələsinə keçən tələbələri təbrik edərək onlara uğurlar arzuladılar. Sonda münsiflər, universitetin müəllimləri Hacı Hafiz Abbasov, Hacı Rüfət Qarayev, Hacı Əbülfət Vəliyev, Hacı Tahir Abbasov, Rəhim Saadov və Mirabbas Mirbağırov çıxış edərək gənclərə öz tövsiyyələrini verdilər. Qeyd edək ki, müsabiqənin final mərhələsi may ayının 4-də Bakı İslam Universitetində keçiriləcəkdir.
 
 
 
 
 
 
 
*Materialdan istifadə zamanı sayta istinad vacibdir.

Oxunub : 3492