Giorgi Kvirikaşvili: Gürcüstan Azərbaycan ilə bütün sahələrdə əlaqələrin inkişafına böyük önəm verir (Video)

  
Gürcüstan ilə Azərbaycan arasında mövcud olan dostluq və qardaşlıq münasibətləri din xadimlərimizin xidmətləri sayəsində daha da möhkəmlənib.
 
Bu fikir Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin Tbilisidə Baş Nazir Giorgi Kvirikaşvili ilə görüşündə səslənib.
 
Baş nazir deyib ki, Gürcüstan Azərbaycan ilə əlaqələrin bütün sahələrdə, eləcə də dinlər arasında inkişafına böyük önəm verir: “Biz patriarxdan sizin haqqınızda hər zaman yaxşı sözlər eşidirik və Gürcüstanda sizə böyük hörmət var. Biz sizin bu səfərinizə böyük önəm veririk. İnanırıq ki, sizin bu səfəriniz münasibətlərimizin daha da inkişafı üçün yeni imkanlar yaradacaq”.
 
Hökumət başçısı Azərbaycan Prezidenti İlham Əliyevlə sıx münasibətlərinin olduğunu vurğulayıb, ölkəmizdə Birinci vitse-prezident vəzifəsinin yaradılmasını və xanım Mehriban Əliyevanın bu vəzifəyə təyin olunmasını yüksək dəyərləndirib.
 
Gürcüstanda müsəlmanların azad, demokratik şəraitdə yaşadıqlarını qeyd edən Baş nazir deyib ki, Azərbaycanda da Gürcüstan patriarxlığının nümayəndəliyinin yaradılması çox yaxşı haldır və biz bunu yüksək qiymətləndiririk.
 
Allahşükür Paşazadə Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Baş nazir Giorgi Kvirikaşviliyə çatdırıb. O bildirib ki, Azərbaycan qonşu və qardaş Gürcüstan ilə əlaqələrin bütün sahələrdə inkişafında maraqlıdır. Şeyxülislam dinlər arasında əlaqələrin genişlənməsində, tolerantlığın möhkəmlənməsində Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndəliyinin fəaliyyətini qeyd edib.
 
Görüşdə Azərbaycan ilə Gürcüstan arasında tarixən mövcud olan dostluq və qardaşlıq əlaqələrinin inkişaf perspektivləri, müstəqillik illərində əldə etdiyimiz uğurlar, habelə hər iki ölkənin üzləşdiyi problemlər diqqət mərkəzində olub. Mövcud münaqişələrin həllində dini liderlərin rolunun artırılmasının vacibliyi xüsusi qeyd edilib.
 
Söhbət zamanı xristian və müsəlman dini icmalarının beynəlxalq konfransının keçirilməsi barədə razılıq əldə olunub.
 
Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, QMİ-nin Gürcüstan nümayəndəliyinin rəhbəri Əli Əliyev, Milli Məclisin deputatı Cavanşir Paşazadə, Gürcüstanın dini məsələlər üzrə dövlət naziri Zaza Vaşaqmadze və digər rəsmi şəxslər iştirak ediblər.
 
 
 

Oxunub : 1675