Tbilisidə Qafqaz Müsəlmanları İdarəsinin sədri ilə ümumgürcüstan katolikos-patriarxı arasında görüş olub (Video)

  
Gürcüstanda səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə aprelin 21-də ümumgürcüstan katolikos-patriarxı II İliya ilə görüşüb.
 
Allahşükür Paşazadə ilə bir-birini uzun müddətdir tanıdıqlarını, kommunist rejiminin sərt qayda-qanunlarına baxmayaraq hər zaman həmrəy olduqlarını, hər zaman qarşılıqlı dəstək nümayiş etdirdiklərini deyən II İliya bu gün din xadimlərinin münaqişəli bölgələrdə sülh və ədalətin bərqərar olması üçün daha çox səy göstərmələrinin vacibliyini vurğulayıb. O, Qarabağda, Abxaziyada, Cənubi Osetiyada münaqişələrin sülh yolu ilə həll olunacağına inandığını bildirib.
 
Şeyxülislam A.Paşazadənin Qafqaz üçün gördüyü böyük işləri yüksək qiymətləndirən patriarx onu Gürcüstanda görməkdən şərəf duyduqlarını söyləyib.
 
Qafqaz Müsəlmanları İdarəsinin sədri deyib ki, onu patriarxla uzun illərin qardaşlığı birləşdirir. O, Azərbaycanda II İliyaya böyük hörmət edildiyini diqqətə çatdırıb. Şeyxülislam Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın salamlarını katolikos-patriarxa çatdırıb.
 
Şeyxülislam qeyd edib ki, Gürcüstana bu səfəri çərçivəsində bir sıra görüşləri nəzərdə tutulsa da, əsas məqsəd patriarx həzrətlərini görməkdir. O, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ətraf rayonlarının erməni işğalçıları tərəfindən zəbt edildiyi vaxtdan indiyədək patriarxın hər zaman haqq-ədaləti müdafiə etdiyini, öz mövqeyini heç zaman dəyişmədiyini bildirib. Ölkələrimizin ərazi bütövlüyü kimi həssas məsələ ilə bağlı patriarxla hər zaman həmrəy olduqlarını söyləyən şeyxülislam din xadimləri kimi münaqişələrin sülh yolu ilə həllinə çağırdıqlarını və buna inandıqlarını bir daha vurğulayıb.
 
A.Paşazadə deyib ki, bu gün Azərbaycan ilə Gürcüstan dünyada ən tolerant ölkə kimi tanınırlar. Bu səfər və patriarxla görüş səmimi dostluğumuzun, qardaşlığımızın bariz nümunəsidir.
 
Sonra patriarxın adından Azərbaycan nümayəndə heyətinin şərəfinə ziyafət verilib.
 
Ziyafətdə çıxış edən II İliya və şeyxülislam Allahşükür Paşazadə ölkələrimiz arasındakı dostluq və qardaşlıq əlaqələrindən, bölgədəki mövcud münaqişələrdən danışıb, bu münaqişələrin həllində din xadimlərinin rolunun artırılmasının vacibliyini vurğulayıblar.
 
 
 

Oxunub : 344