QMİ Rusiyanın Pyatiqorsk şəhərində beynəlxalq konfrans keçirib

 
 
 
 
Aprelin 19-da  Şeyxülislam Allahşükür Paşazadə başda olmaqla Qafqaz Müsəlmanları İdarəsinin nümayəndə heyəti Rusiyanın Pyatiqorsk şəhərinə səfər edib.
Nümayəndə heyəti Şimali Qafqaz müsəlmanları Koordinasiya Mərkəzinin (ŞQMKM) seçki-hesabat iclasında iştirak edib. İclasda ŞQMKM-nin növbəti sədr seçkiləri ilə bağlı çıxış edərək Şeyxülislam Allahşükür Paşazadə bu vəzifəyə yenidən Qaraçay-Çərkəz müftisi İsmayıl Berdiyevin namizədliyini irəli sürüb. Bundan sonra İ.Berdiyev həmin vəzifəyə yekdilliklə növbəti 5 il müddətinə seçilib.
İclasda iştirak edən Rusiya Federasiyası prezidentinin Şimali Qafqaz regionu üzrə səlahiyyətli nümayəndəsinin müavini cənab Andrey Qalaktionov və Rusiya prezidenti administrasiyasının nümayəndəsi Almaz Fayzullin çıxış edərkən ŞQMKM-nin iclasında  Şeyxülislamın iştirak etməsinin xüsusi əhəmiyyətini qeyd edərək, QMİ sədrinin ənənəvi dinlər arasında həmrəyliyin dəstəkçisi, Azərbaycan ilə Rusiya arasında, xüsusilə də Qafqaz müsəlmanları ilə Rus Pravoslav kilsəsi arasındakı əlaqələrin möhkəmlənməsinə önəmli töhfələr vermiş bir şəxsiyyət kimi səciyyələndirmişlər.
İclasda yekun söz alan İsmayıl Berdiyev Şeyxülislam həzrətlərinin Qafqaz Xalqlarının Ali Dini Şurasının sədri vəzifəsindəki fəaliyyətini yüksək qiymətləndirmiş, bütün Qafqazın ağsaqqalı olaraq ŞQMKM-nin hesabat iclasına təşrif buyurduğu üçün ona öz təşəkkürünü bildirmişdir.
---
Həmin gün Pyatiqorskda Azərbaycanda elan olunmuş İslam Həmrəyliyi İli çərçivəsində QMİ-nin təşkil etdiyi konfrans keçirildi. Konfrans iştirakçılarının qarşısında çıxış edən QMİ sədri onlara Azərbaycan xalqının və Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənablarının salam-dualarını çatdıraraq müasir dövrdə dünya müsəlmanlarının terrorizm, ekstremizm, separatizm, islamofobiya və ksenofobiya kimi təzahürlərə qarşı əlbir olmalarının vacibliyini vurğulamışdır. QMİ sədri iki dövlət başçılarının ənənəvi dinlərə verdikləri böyük dəstəyi yüksək qiymətləndirərək, Rusiya prezidenti Vladimir Putinin müsəlmanlara və İslam dininə ehtiramlı münasibətini xüsusilə qeyd etmiş, Azərbaycan prezidenti İlham Əliyevin multikulturalizm, İslam Həmrəyliyi və mədəniyyətlərarası dialoqla bağlı qlobal əhəmiyyətli təşəbbüslər irəli sürdüyünü konfrans iştirakçılarının nəzərinə çatdırmışdır.
Konfransda Şimali Qafqaz müftiləri adından çıxış edən Krasnodar diyarının müftisi Askarbiy Kardanov Şeyxülislam Allahşükür Paşazadəyə və Qafqaz Müsəlmanları İdarəsinə konfransı təşkil etdiklərinə görə təşəkkür etmiş, QMİ sədrini may ayının 19-da Soçi şəhərində yeni İslam mədəniyyət mərkəzinin açılış mərasimində iştirak etməyə dəvət etmiş və cümə namazında xütbə verməsini xahiş etmişdir.
Daha sonra Şimali Osetiya-Alaniya müftisi Həzrətəli Qatsalov çıxış etmişdir. Öz çıxışında müfti 20-ci əsrin əvvəllərində Azərbaycanlı mesenat Murtuza Muxtarov tərəfindən inşa edilmiş və hal-hazırda əsaslı təmirə ehtiyacı olan Vladikavkaz məscidinin bərpa işlərinə verdiyi birbaşa maddi dəstəyə görə Azərbaycan prezidenti İlham Əliyev cənablarına öz adından və Şimali Osetiya-Alaniya müsəlmanları adından dərin təşəkkürünü bildirmişdir. Müfti Qatsalov həmin məscidin bərpa işləri tamamlandıqdan sonrakı rəsmini Azərbaycan nümayəndə heyətinin başçısına hədiyyə olaraq təqdim etmişdir.
---
Pyatiqorskda keçirilən tədbirlər çərçivəsində QMİ sədri Allahşükür Paşazadə Andrey Qalaktionov və Almaz Fayzullin ilə görüş keçirmişdir. Görüşdə tərəflər arasında Azərbaycanda elan olunmuş İslam Həmrəyliyi İli çərçivəsində Rusiya Federasiyasında tədbirlərin keçirilməsinin mümkünlüyü və formatı müzakirə olunmuşdur.
 
 
QMİ-nin Mətbuat Xidməti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
*Materialdan istifadə zamanı sayta istinad vacibdir.

Oxunub : 524