Qafqaz Müsəlmanları İdarəsində Zərifə xanım Əliyevanın xatirəsi anıldı (Video)

 
Aprelin 15-i görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın anım günüdür. Ümummilli Lider Heydər Əliyevin ömür-gün yoldaşı Zərifə Əziz qızı Əliyeva 1985-ci ilin məhz bu günündə dünyasını dəyişib.
 
Qafqaz Müsəlmanları İdarəsində bununla bağlı anım mərasimi keçirildi. Mərasim iştirakçıları əvvəlcə Fəxri Xiyabana gedərək Ulu Öndər Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın məzarlarını ziyarət etdilər, ruhlarına dualar oxudular.
 
Sonra tədbir Təzəpir Məscid Kompleksində davam etdirildi. Din xadimlərinin, parlament üzvlərinin, Azərbaycandakı digər konfessiyaların təmsilçilərinin iştirak etdiyi anım mərasimi Qurani-Kərimin tilavət olunması ilə başladı.
 
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə çıxış edərək bildirdi ki, xalqımız Zərifə xanım Əliyevanın xatirəsini həmişə ehtiramla anır: “Zərifə xanım Əliyeva görkəmli oftalmoloq, akademik kimi daim insanlara xeyirxahlıq göstərib, onlara sevinc bəxş edib. O, İslam dininə, milli-mənəvi dəyərlərimizə bağlı bir azərbaycanlı xanım idi. Allahsız bir rejimin qadağalarına baxmayaraq Zərifə xanım hər cümə günləri Təzəpir məscidinə adam göndərirdi və dünyadan köçənləri üçün yasin oxutdururdu. Yadımdadır, məscidin günbəzinin təmirə ehtiyacı var idi, amma həmin dövrdə bunun üçün rəsmi qurumlardan maliyyə almaq mümkün deyildi. Belə bir vaxtda Zərifə xanım öz şəxsi vəsaiti hesabına məscidə yardım etdi, təmirin başa çatmasına köməklik göstərdi. Gəncədəki “İmamzadə” ziyarətgahının bu günə kimi gəlib çatmasında Zərifə xanımın zəhməti olub. Moskva guya camaatın şikayətini əsas gətirərək bu qədim dini abidəni məhv etməyə hazırlaşırdı, məhz Zərifə xanımın vaxtında müdaxiləsi və Ulu Öndər Heydər Əliyevin müdrik addımı nəticəsində “İmamzadə”ni sovet rejiminin hücumundan qorumaq, yenidən dindarların istifadəsinə vermək mümkün oldu. Zərifə xanım Ümummilli Liderimizin ömür-gün yoldaşı, övladlarının anası kimi də daim böyük ehtirama layiqdir.
 
Zərifə xanım bu dünyadan erkən köçdü, həmin dövrdə Heydər Əliyev Moskvada mühüm dövlət vəzifəsi tutmasına baxmayaraq dəfn mərasiminin İslama uyğun keçirilməsinə şərait yaratdı. Onun göstərişi ilə mən Zərifə xanımın müsəlman qaydasınca dəfn edilməsinə rəhbərlik etdim. Ulu Öndər xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdandan sonra həyat yoldaşının məzarının Azərbaycana köçürülməsini istədi. Biz onun arzusunu həyata keçirdik və Zərifə xanımın nəşinin Moskvadan Bakıya gətirərək İslam qaydalarına uyğun dəfn etdik. Allah Zərifə xanımı rəhmət eləsin!”
 
Şeyxülislam həzrətləri son günlər “Hacı Cavad” məscidi ətrafında baş verənlərə də toxundu, ölkə dindarlarının dövlətimizin, onun rəhbərinin ətrafında sıx birləşdiyini diqqətə çatdırdı: “Bəzi şəxslər dinin adından istifadə edərək “Hacı Cavad” məscidi ətrafında gərginlik yaratmaq istəyirdilər. Onların nə həmin məscidlə, nə həmin məhəllə ilə heç bir aidiyyəti  yox idi. Prezident həzrətləri məsələ ilə bağlı konkret mövqeyini bildirdi, dindarlarımız da dövlət başçısının bu addımını dəstəkləyir. Heydər Əliyevin, Zərifə xanımın ailəsində böyüyən İlham Əliyev həzrətləri dini abidələrimizin, milli-mənəvi dəyərlərimizin qorunması üçün çox mühüm işlər görür və inşallah hələ çox işlər də görəcək. Prezident biz dindarlara verdiyi sözə həmişə əməl edib. Bu gün Zərifə xanımın xatirəsi anılan mərasimdə Azərbaycanda yaşayan digər dinlərin təmsilçiləri də iştirak edir. Bunun özü ölkəmizdəki birliyin, tolerantlığın, həmrəyliyin göstəricisidir. Dindarlarımız bu həmrəyliyi pozmaq istəyən qüvvələrə heç vaxt imkan yaratmayacaqlar”.
 
Millət vəkili, Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov Zərifə xanım Əliyeva ilə bağlı xatirələrini danışdı, anım mərasiminin təşkilatçılarına minnətdarlığını bildirdi.
 
 Sonda ehsan verildi, dualar oxundu.

*Materialdan istifadə zamanı sayta istinad vacibdir.
 
 
 
 
 
 
 
 
 
 
 
 

Oxunub : 1958