Bakıda «İslam həmrəyliyi: dini və mədəni müxtəlifliyin harmoniyası» mövzusunda Beynəlxalq Konfrans keçirildi .

 
MƏTBUAT XÜLASƏSİ
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının Sərəncamına uyğun olaraq «İslam Həmrəyliyi İli» elan olunması ilə bağlı 12 aprel 2017-ci il tarixində Bakı şəhərində «İslam həmrəyliyi: dini və mədəni müxtəlifliyin harmoniyası» mövzusunda Beynəlxalq Konfrans keçirildi. Qafqaz Müsəlmanları İdarəsinin Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə birlikdə keçirdiyi Konfransda Azərbaycanın və xarici ölkələrin təmsilçiləri olan mötəbər elm və din xadimləri, Azərbaycandakı dini konfessiya rəhbərləri, hökumət, ictimaiyyət və parlament üzvləri, diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələri bir araya gəldilər. Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Quran tilavətinin ardınca Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə salamlama nitqi ilə tədbiri açdı. QMİ sədri xüsusi vurğuladı ki, Multikulturalizm, ardınca İslam Həmrəyliyi İllərinin elan olunması Azərbaycan liderinin XXI əsrdə xüsusi bir missiya olaraq həyata keçirdiyi müdrik təşəbbüslər olub, Azərbaycanın beynəlxalq nüfuzu üçün yenilməz zəfərdir. Müqəddəs dinimizin sülhsevər mahiyyətinin dünya miqyasında təbliği istiqamətində əməli səylər göstərən dövlət başçımız İlham Əliyevin İslam həmrəyliyi ili ideyası yalnız İslam dünyası daxilində olan həmrəyliyi deyil, İslam aləmi ilə digər dinlər, konfessiyalar arasında həmrəyliyin harmoniyasını ehtiva edir. Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev, Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva açılış çıxışları etdilər. Beynəlxalq Konfransda Azərbaycan Milli Məclisinin vitse-spikeri Bahar Muradova, Milli Məclisin ictimai birliklər və dini qurumlar Komitəsinin sədri Səyavuş Novruzov, İRSİCA təşkilatının baş direktoru Xalid Eren, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli, Qafqaz Müsəlmanları İdarəsinin Elmi-Dini Şurasının sədri Vasim Məmmədəliyev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının başçısı Arxiyepiskop Aleksandr, Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Vladimir Fekete – Katolik kilsəsinin Azərbaycandakı nümayəndəsi Azərbaycan Respublikası Alban-Udi xristian dini icmasının sədri Robert Mobili və digər məruzəçilər İslam Həmrəyliyi İli multikulturalizm ideyalarının və dinlərarası dialoq ənənələrinin məntiqi davamıdır, Heydər Əliyev siyasətində İslam həmrəyliyi, İslam həmrəyliyinin Azərbaycan modeli və s. mövzular ətrafında çıxışlar etdilər. Müzakirələrdə çıxış edən Konfrans iştirakçıları birmənalı şəkildə bildirdilər ki, Azərbaycan Prezidenti İlham Əliyevin elan etdiyi istər Multikulturalizm, istər İslam Həmrəyliyi illəri Azərbaycan dövlətinin dünyada gedən proseslərə özəl, dəyərli töhfəsidir. Prezident İlham Əliyev tərəfindən «İslam Həmrəyliyi İli» elan olunmasını XXI əsrdə bəşəriyyətin mənəvi ehtiyac duyduğu və zamanın tələblərinə cavab verən qlobal çağırış kimi dəyərləndirən məruzəçilər Azərbaycanda sülh məramının və qarşılıqlı ehtiram məfkurəsinin bəşəriyyətə bəyan edilməsi üçün dövlət tərəfindən hər cür şəraitin yaradıldığını xüsusi vurğuladılar. Bildirildi ki, zəmanəmizin narahat gündəm yaşadığı, Şərqlə Qərbin kəskin ziddiyyətlərlə qarşılaşdığı bir dönəmdə Azərbaycan dövləti bütün dünyaya özünün sülhpərvər ruhunu, dialoq aparmaq mədəniyyətini, İslam dininin mənəvi dəyərlərini və mütərəqqi mahiyyətini bəyan edir. Konfrans iştirakçıları müasir dövrdə multikulturalizm və islam həmrəyliyi ideyalarının əhəmiyyətini vurğulayaraq, ekstremizm, radikalizm, terrorizm, separatizm, ksenofobiya, islamofobiya təzahürlərinə qarşı dünya ictimaiyyətini, dövlət, elm və din xadimlərini birgə əməkdaşlıq etməyə, belə halların qarşısının alınması üçün daha fəal olmağa çağırdılar. Beynəlxalq Konfrans iştirakçıları dinlərarası, konfessiyalararası və sivilizasiyalararası dialoqa, multikulturalizm və tolerantlıq ənənələrinə xüsusi əhəmiyyət verən Azərbaycan dövlətinin rolunu yüksək qiymətləndirərək, hazırki Konfransın səmərəli fəaliyyəti üçün yaradılan münbit şəraitə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirdilər. Konfransın kuluarlarında Azərbaycan Respublikasının multikulturalizm dəyərləri və İslam həmrəyliyinə töhfələrini əks etdirən fotoşəkillər olan stendlər nümayiş etdirildi. Azərbaycanda din-dövlət münasibətlərinə, Qafqaz Müsəlmanları İdarəsi, Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Multikulturalizm və İslam Həmrəyliyi illəri çərçivəsində ölkəmizdə və xaricdə keçirdikləri tədbirlərə həsr olunmuş kitab, broşür və albomlar, habelə Qurani-Kərim nüsxələri Konfrans iştirakçılarına təqdim olundu.
 
 
 
 
 
 
 
 
 
*Materialdan istifadə zamanı sayta istinad vacibdir.

Oxunub : 761