QMİ sədrinin 1-ci müavini TRT AVAZ telekanalına müsahibə verib. (Video)

  
 
 
Qafqaz Müsəlmanları İdarəsi sədrinin 1-ci müavini müfti Salman Musayev İstanbulda keçirilən 20-ci Avrasiya İqtisadi Zirvəsində Azərbaycan nümayəndə heyəti tərkibində iştirak edib.
 
Cənab Musayev zirvəni işıqlandıran TRT AVAZ televiziya kanalının müxbirinə müsahibə verib. Müxbirin suallarını cavablandıran S.Musayev qeyd edib ki, İstanbulda keçirilən Zirvədə qlobal iqtisadi məsələlərlə yanaşı eləcə də dini məsələlər, xüsusilə din adı altında dünyanın müxtəlif regionlarında terror aktları həyata keçirən cinayətkar qruplara qarşı mübarizə də müzakirə olunur. Azərbaycanın istiqrarlı, sabit bir dövlət olduğunu fəxrlə dilə gətirən S.Musayev dini ayrıseçkiliyin və terrorizmin qarşısının alınmasında Azərbaycan modelinin bir örnək olduğunu vurğulayıb. O, qeyd edib ki, ölkədə sadəcə müsəlmanlar arasında deyil, bütün səmavi dinlərin nümayəndələri arasında həmrəylik və fikir birliyi mövcuddur, onlar birgə hərəkət edirlər. QMİ sədrinin 1-ci müavini bugün bəzi müsəlman ölkələrində ciddi problem təşkil edən məzhəblərarası probleminin ölkəmizdə mövcud olmadığını da əlavə edərək Azərbaycan modelindən faydalanmağa çağırdı.
 
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə gəlincə, cənab Musayev Ulu öndər Heydər Əliyev tərəfindən möhkəm bünövrəsi qurulan iqtisadi inkişafın, eləcə də onun layiqli davamçısı prezident İlham Əliyevin apardığı müdrik siyasətin sayəsində həmin münaqişə haqqında və erməni tərəfinin haqsız olduğu barədə həqiqətləri, Azərbaycan tərəfinin bu münaqişəni ədalətli sülh yolu ilə həll olunmasının tərəfdarı olduğunu dünya ictimaiyyətinə çatdırıldığını qeyd edib. Müsahibənin sonunda S.Musayev deyib: “Biz sülh istəyirik, kiminsə yetim qalmasını, övladlarını itirən anaların göz yaşı axıtmalarını istəmirik, lakin müharibə baş verərsə, Azərbaycan layiqli cavabı verməyə hazırdır”.
 
 
 
 
*Materialdan istifadə zamanı sayta istinad vacibdir.

Oxunub : 1727