Şeyxülislam həzrətləri Qətər Dövlətinin səfirini qəbul etdi

 
Martın 31-də Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Qətər Dövlətinin Azərbaycanda yeni təyin edilmiş fövqəladə və səlahiyyətli səfiri Yusif bin Həsən əl-Saini onun xahişi ilə qəbul edib.
Səfiri səmimi salamlayan Şeyxülislam həzrətləri ona yeni fəaliyyətində uğurlar arzulayıb. QMİ sədri ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib, ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş imkanlar açıldığını diqqətə çatdırıb.
 
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə bu il ölkəmizdə “İslam Həmrəyliyi ili” elan olunduğunu vurğulayan Şeyxülislam Allahşükür Paşazadə bununla bağlı QMİ-nin həyata keçirdiyi tədbirlər barədə qonağa geniş məlumat verib.
 
Qətər Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Yusif bin Həsən əl-Sai mehriban qarşılanmaya görə minnətdarlıq edib. Diplomat Azərbaycanla Qətər Dövləti arasında əlaqələrin qarşılıqlı etimada söykəndiyini diqqətə çatdırıb, Azərbaycan Prezidenti İlham Əliyevin bu yaxınlarda Qətərə rəsmi səfərini yüksək qiymətləndirib. Səfir ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafı üçün səy göstərəcəyinə hazır olduğunu deyib, dini sahədə əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib.
 
Qonaq regionda və dünyada  sabitliyin, dini tolerantlığın qorunması sahəsində uzun illər fəaliyyət göstərən Şeyxülislam Allahşükür Paşazadəyə bu xidmətlərinə görə minnətdarlığını bildirib.
 
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Sonda qonağa xatirə hədiyyəsi verilib.
 
Qəbulda QMİ sədrinin birinci müavini, Müfti Salman Musayev iştirak edib.
 
 
*Materialdan istifadə zamanı sayta istinad vacibdir. 

Oxunub : 1355