QMİ sədri Rusiyanın Federasiya Şurasının sədr müavininə təbrik məktubu ünvanlayıb

  
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Rusiyanın Federasiya Şurasının sədr müavini cənab İlyas Umaxanova 60 illik yubileyi münasibətilə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
 
“Çoxhörmətli İlyas Maqomedsalamoviç!
 
Qafqaz müsəlmanları adından və şəxsən öz adımdan Sizi 60 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edir, Uca Allahdan Sizə xoşbəxtlik və uğurlar diləyirəm.
Mən Sizin dəyərli şəxsiyyətinizi, aramızda mövcud olan dostluq və qardaşlıq münasibətlərini yüksək qiymətləndirirəm. Uzun illər boyu müxtəlif vəzifələrdə apardığınız səmərəli fəaliyyətiniz Sizi görkəmli dövlət xadimi kimi səciyyələndirir. Hazırda tutduğunuz Federasiya Şurasının sədr müavini vəzifəsində də Sizə xas olan fədakarlıqla, qiymətli təcrübənizi və dərin biliklərinizi əsirgəmədən vətənə xidmət edirsiniz.
 
Hörmətli İlyas Maqomedsalamoviç, dua edirik ki, qinindən, milliyətindən asılı olmayaraq insanlar arasında qarşılıqlı anlayış və sülh uğrunda öz səylərini Sizin kimi əsirgəməyən hər kəsə Allah Təaladan xeyir-dualar diləyirik. Sizin Rusiya Federasiyası ilə Azərbaycan arasında səmimi əlaqələrin inkişafı üçün göstərdiyiniz səylərlə Siz Azərbaycan xalqının hörmətini qazanmısınız.  Azərbaycanın “Dostluq” ordeni ilə təltif olmanız bunun parlaq nümunəsidir və mən Sizi bu münasibətlə səmimi-qəlbdən təbrik edirəm. Arzu edirəm ki, xalqlarımızın rifahı naminə Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında əlaqələr, İnşaallah, daha da inkişaf etsin və möhkəmlənsin.
 
Sizə gələcək əməllərinizdə uğurlar arzu edirəm. Allah Təalanın xeyir-duaları daim Sizin və ailənizin üstündə olsun.
 
Sizi bir daha Qafqaz müsəlmanları adından, şəxsən öz adımdan şanlı yubileyiniz münasibətilə təbrik edir, Sizə uzun ömür, möhkəm can sağlığı, Rusiya dövlətçiliyi naminə səmərəli fəaliyyətinizdə tükənməz enerji və yeni-yeni uğurlar diləyirəm.
       Və-salamu əleykum və rəhmətullahi və bərəkatuhu!
    
Dərin ehtiramla,
 
Şeyxülislam Allahşükür Paşazadə”
 
*Materialdan istifadə zamanı sayta istinad vacibdir.

Oxunub : 1123