Şeyxülislam Allahşükür Paşazadə İranın sabiq xarici işlər naziri ilə görüşüb

  
Martın 17-də Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə “İslam həmrəyliyi-zamanın çağırışı” mövzusunda keçirilən Beynəlxalq Konfransda iştirak etmək üçün ölkəmizə gələn İran İslam Respublikasının sabiq xarici işlər naziri Məniçöhr Mottəkini qəbul edib.
 
Qonağı səmimi salamlayan Şeyxülislam həzrətləri dəvəti müsbət dəyərləndirib tədbirdə iştirak etdiyi üçün ona minnətdarlığını bildirib. Keçmiş nazirlə növbəti dəfə görüşməkdən məmnun qaldığını bildirən QMİ sədri deyib ki, Məniçöhr Mottəkinin konfransdakı çıxışı maraqla qarşılanıb və həmin çıxış bu gün dünyanı narahat edən aktual məsələləri özündə ehtiva edib.
 
İran İslam Respublikasının sabiq xarici işlər naziri Məniçöhr Mottəki xoş sözlərə görə təşəkkür edib, Azərbaycana növbəti dəfə gəlmək fürsəti qazandığı üçün məmnun olduğunu dilə gətirib. Qonaq Bakıda keçirilən “İslam həmrəyliyi-zamanın çağırışı” Beynəlxalq Konfransının yüksək səviyyədə təşkil olunduğunu, tədbirdə müsəlman aləmi üçün olduqca vacib məsələlərin müzakirə edildiyini və faydalı fikirlərin səsləndiyini diqqətə çatdırıb. Müxtəlif dinlərin təmsilçilərinin bu konfransda bir araya gəldiyini xüsusi qeyd edən keçmiş nazir bildirib ki, belə nüfuzlu toplantıların Bakıda keçirilməsi Azərbaycandakı multikultural mühitin göstəricisidir. Qonaq beynəlxalq konfransın regionda və dünyada dinlərarası dialoqa mühüm töhfələr verəcəyinə inandığını ifadə edib.
 
Məniçöhr Mottəki Azərbaycan Prezidenti İlham Əliyevin dini və milli-mənəvi dəyərlərə verdiyi önəmi yüksək dəyərləndirib.
 
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
 
Qəbulda QMİ sədrinin müavini Rəşad Əliyarlı iştirak edib.
 
 

*Materialdan istifadə zamanı sayta istinad vacibdir.

Oxunub : 343