“İslam Həmrəyliyi – Zamanın çağırışı” Beynəlxalq Konfransının Dünya İctimaiyyətinə MÜRACİƏTİ

 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının Sərəncamına uyğun olaraq “İslam həmrəyliyi ili” elan olunması ilə bağlı 15 mart 2017-ci il tarixində Bakı şəhərində Rusiya, Türkiyə, İran, Gürcüstan, Özbəkistan, Qırğızıstan,  Tacikistan, Belarus, Ukraynanın tanınmış dövlət, elm və din xadimləri,  Azərbaycandakı dini konfessiya rəhbərləri, hökumət, ictimaiyyət və parlament üzvləri, diplomatik korpusların nümayəndələrinin iştirakı ilə “İslam Həmrəyliyi – Zamanın çağırışı” mövzusunda Beynəlxalq Konfrans keçirilmiş və dünya ictimaiyyətinə Müraciət qəbul olunmuşdur:  
 
“İslam Həmrəyliyi – Zamanın çağırışı” Beynəlxalq Konfransının  iştirakçıları yekdil şəkildə təsbit edirlər ki, sivilizasiyalar, dinlər və mədəniyyətlərarası dialoq sahəsində Azərbaycanda mövcud olan ənənələr, multikulturalizm ideyaları və dini-mədəni mühitin inkişafına göstərilən dövlət dəstəyi olduqca yüksək təqdirə layiqdir. Ölkə başçısı İlham Əliyev cənabları tərəfindən 2017-ci ilin İslam Həmrəyliyi ili elan olunması faktının özü - XXI əsrdə bəşəriyyətin mənəvi ehtiyac duyduğu və zamanın tələblərinə cavab verən  Qlobal Çağırışdır. Bu dəvətin  məqsədi islami həmrəyliyi lokal çərçivədə deyil, ümumbəşəri problemlər kontekstində geniş müzakirəyə çıxarmaqdır.  Zəmanəmizin narahat gündəm yaşadığı, Şərqlə Qərbin kəskin ziddiyyətlərlə qarşılaşdığı  bir dönəmdə Azərbaycan dövləti  bütün dünyaya özünün sülhpərvər ruhunu, dialoq aparmaq mədəniyyətini, İslam dininin mənəvi dəyərlərini və mütərəqqi mahiyyətini bəyan edir. Bu qərar  - müdrik siyasət nümunəsi, yüksək alicənablıq təzahürüdür və biz əminik ki, İslami həmrəylik ideyasının müəllifi olan dövlət rəhbəri İlham Əliyev cənabları bu çağırışı ilə öz dövrünün siyasi mütəfəkkiri adlanmağa layiqdir.
 
Biz, konfrans iştirakçıları, müasir dövrdə multikulturalizm və İslam həmrəyliyi  ideyalarının əhəmiyyətini vurğulayaraq, dini radikallıq,  məzhəb ayrı-seçkiliyi, ksenofobiya, antisemitizm və islamofobiya təzahürlərinə qarşı dünya ictimaiyyətini, dövlət, elm və din xadimlərini birgə əməkdaşlıq etməyə, belə faktların qarşısının alınması üçün daha fəal olmağa çağırırıq;
 
-          din pərdəsi arxasında zorakılıq və vandalizm hallarını, tarixi abidələrin məhv edilməsini, müqəddəs kitabların, məbədlərin və dini atributların təhqirini, digər dini və irqi dözümsüzlük hallarını qətiyyətlə pisləyirik;
 
-         terrorizmi, onun bütün təzahürlərini, insanlara qarşı hər hansı digər zorakılıq hallarını, ekstremizmi qətiyyətlə pisləyir, terror, hərbi qarşıdurmalar, etnik təmizləmə, separatçılıq və s. kimi əməllərin qurbanları üçün dualar edir, qaçqın və məcburi köçkünlərin, miqrantların problemlərinin həllində yardımçı olmağa və mərhəmət göstərməyə çağırırıq;  
 
-    dünyada mövcud olan bütün münaqişələrin, o cümlədən Ermənistan - Azərbaycan Dağlıq  Qarabağ probleminin sülh yolu ilə beynəlxalq hüquq normaları çərçivəsində  ədalətli həllinə tərəfdar olduğumuzu bəyan edirik;
 
-       dinlərarası münasibətlərin inkişafı və tərəqqisi naminə regionun aparıcı dini liderlərinin birgə görüşlərinin təşkil olunmasını, özəlliklə bölgədə sülhün bərqərar olmasında əvəzsiz xidmətləri olan Moskva və Bütün Rusiya Patriarxı  Kirill  Zati-müqəddəsləri və Ümumgürcüstan Patriarxı II İliya Zati-müqəddəslərinin, eləcə də digər dini konfessiya rəhbərlərinin səmərəli təcrübəsini dəstəkləyir və gələcəkdə davam etdirilməsini arzu edirik.
 
Biz, Beynəlxalq Konfrans iştirakçıları Azərbaycanın dövlət rəhbəri tərəfindən 2017-ci ilin İslam Həmrəyliyi ili elan edilməsini alqışlayır, bu ideyanın dünya ictimaiyyəti üçün xüsusi əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, daha geniş təbliğ edilmək məqsədilə  dünyanın  bir çox ölkəsində və beynəlxalq qurumlarda müvafiq tədbirlər keçirilməsini və informasiya dəstəyinin təmin olunmasını vacib hesab edirik.
 
 
Bakı şəhəri 15 mart 2017-ci il.
 
 
 
 
 
 
*Materialdan istifadə zamanı sayta istinad vacibdir

Oxunub : 420