Xanım Fatimeyi-Zəhranın (ə) şəhadət günü QMİ-də qeyd olundu

  
Martın 2-də Qafqaz Müsəlmanları İdarəsinin konfrans zalında Muhəmməd Peyğəmbərin (s) qızı xanım Fatimeyi-Zəhranın (ə) şəhadət gününə həsr edilən anım mərasimi keçirilib. Qurani-Kərimin tilavəti ilə başlanan toplantıda İslam yolunda və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi ehtiramla yad olunub.
 
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə tədbirdə xanım Fatimeyi-Zəhranın həyat yolundan, İslam aləmində tutduğu mövqedən, dinimizin yayılması və güclənməsi üçün gördüyü işlərdən danışıb. Şeyxülislam həzrətləri qeyd edib ki, belə mərasimlərin keçirilməsinin böyük tərbiyəvi əhəmiyyəti var. Bunu nəzərə  alan Qafqaz Müsəlmanları İdarəsi xanım Fatimeyi-Zəhranın şəhadəti münasibəti ilə ənənəvi olaraq hər il anım mərasimi təşkil edir.
 
QMİ sədri bildirib ki, son illər Azərbaycan dövləti dini və milli-mənəvi dəyərlərin qorunması ilə bağlı mühüm işlər görür, İslam və digər səmavi dinlərin ardıcılları üçün şərait yaradır. Şeyxülislam həzrətləri Mehriban Əliyevanın Birinci vitse-prezident vəzifəsinə təyin olunmasını Azərbaycanın ictimai və siyasi həyatında mühüm hadisə adlandırıb, bu təyinatın xalqımız və dövlətimiz üçün xeyrə vəsilə olması üçün dualar edib.
 
Mərasimdə İran İslam Respublikası Ali Dini rəhbərinin təmsilçisi Seyid Əli Əkbər Ocaqnejad çıxış edib, “Əhli-Beyt məddahları” qrupunun ifasında surudlar səsləndirilib.
 
Tədbirdə İranın Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə iştirak edib.
 
Sonda ehsan verilib, dualar oxunub. 
 
 
 

Oxunub : 1927