Şeyxülislam Gürcüstan Patriarxı ilə telefonla görüşüb

  
Fevralın 23-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ilə Ümumgürcüstan Katolikos-Patriarxı II İliya arasında telefon danışığı olmuşdur. QMİ sədrinin təşəbbüsü ilə baş tutan söhbət zamanı Şeyxülislam A. Paşazadə Qafqazın ağsaqqal dini liderinin səhhəti, əməliyyat sonrası əhvalı ilə maraqlanmışdır. Qardaşı II İliya həzrətləri üçün Uca Allaha dualar etdiyini bildirən Şeyxülislam A. Paşazadə Patriarxın səhhətinin qaydasında olmasından və Azərbaycan dindarlarının salamlarını ona yetirməkdən məmnun olduğunu dilə gətirmişdir. Şeyxülislam ən yaxın zamanda – qarşıdakı həftələrdə II İliya həzrətlərini ziyarət etmək üçün Gürcüstana gedəcəyini Patriarxın diqqətinə çatdırmışdır.
 
Söhbət əsnasında Şeyxülislam A. Paşazadə II İliya həzrətlərinə Azərbaycanda elan olunmuş İslam Həmrəyliyi ili çərçivəsində QMİ tərəfindən keçiriləcək Beynəlxalq Konfrans barədə məlumat vermiş,  gürcü Patriarxlığına da dəvət göndərildiyini xatırlatmışdır. Patriarx II İliya məmnuniyyətlə konfransda təmsil olunacaqlarını, onun işində yaxından iştirak edəcəklərini bildirmiş, Konfransın ünvanına təbrik məktubu ünvanlayacağını diqqətə çatdıraraq tədbirə uğurlar diləmişdir.
 
Telefon bağlantısı zamanı Patriarx II İliya həzrətləri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev və ölkəmizin I vitse-prezidenti Mehriban xanım Əliyevaya səmimi salamlarını çatdırmağı Şeyxülislamdan rica etmiş, Mehriban xanımın ali məqama təyin olunması münasibətilə xeyir-dualarını bildirmişdir.  
          
 
QMİ-nin Mətbuat Xidməti

Oxunub : 1256