Mərakeş Krallığının səfiri ilə görüş

  
Yanvarın 31-də Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Mərakeş Krallığının ölkəmizdə yeni fəaliyyətə başlayan fövqəladə və səlahiyyətli səfiri Muhəmməd Adil Embarşı onun xahişi ilə qəbul edib.
Səfirə yeni vəzifəsində uğurlar arzulayan Şeyxülislam həzrətləri onun Azərbaycanla Mərakeş Krallığı arasındakı münasibətlərin inkişafına yeni töhfələr verəcəyinə inandığını bildirib. QMİ sədri Mərakeşə çoxsaylı səfərlərindən birində Ümummilli lider Heydər Əliyevi müşaiyət etdiyini, Ulu Öndərin mərhum Kral II Həsənlə iki ölkə arasında qarşılıqlı əlaqələrin möhkəm bünövrəsinin qoyulduğu görüşdə iştirak etdiyini xatırladıb, hazırda Azərbaycan Prezidenti İlham Əliyevin və Kral VI Mühəmmədin bu əlaqələri yeni müstəviyə daşıdıqlarını xüsusi vurğulayıb.
Şeyxülislam həzrətləri Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə bu il ölkədə “İslam həmrəyliyi ili” elan olunduğunu bildirib, bu gün müsəlman aləminin həmrəyliyə böyük ehtiyacı olduğunu diqqətə çatdırıb, Mərakeş Krallığının Azərbaycanı beynəlxalq müstəvidə ardıcıl dəstək verdiyinə görə ölkə müsəlmanları adından təşəkkür edib.
Öz növbəsində, Mərakeş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Muhəmməd Adil Embarş Şeyxülislam həzrətlərinə onu qəbul etdiyinə görə təşəkkür edib, dünyada nüfuzlu din xadimi kimi tanınan Şeyxülislam həzrətləri ilə görüşdən, onun səsləndirdiyi dəyərli fikirlərdən olduqca məmnun qaldığını deyib. Səfir iki ölkə arasındakı dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi üçün əlindən gələni etməyə hazır, bunun üçün Azərbaycan tərəfi, xüsusilə Şeyxülislam həzrətləri ilə mütamadi məsləhətləşmələr aparmaq və sıx əməkdaşlıq qurmaq arzusunda olduğunu ifadə edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.
Görüşün sonunda qonağa xatirə hədiyyəsi təqdim olunub.
Qəbulda QMİ sədrinin birinci müavini, Müfti Salman Musayev iştirak edib.

Oxunub : 1393