Şeyxülislam həzrətləri İndoneziya səfirini qəbul etdi

  
Yanvarın 31-də Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə İndoneziya Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Husnan Bəy Fananini onun xahişi ilə qəbul edib.
Qonağı səmimi salamlayan Şeyxülislam həzrətləri ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunundan məmnuniyyətini dilə gətirərək İndoneziyada dəfələrlə müxtəlif beynəlxalq tədbirlərdə iştirak etdiyini, ölkə və onun xalqı haqqında ən xoş təəssüratlarının olduğunu qeyd edib.
Cənab Husnan Bəy Fanani diplomat kimi dövlətini Azərbaycanda təmsil etməkdən qürur duyduğunu bildirib və özünü Bakıda doğma insanlar arasında hiss etdiyini ifadə edib. Səfir İslam aləmində böyük nüfuza malik Şeyxülislam Allahşükür Paşazadə həzrətləri ilə görüşməkdən çox məmnun olduğunu deyib. Cənab Fanani ölkəmizdəki tolerantlıq və multikulturalizm mühiti yüksək qiymətləndirərək bu sahədəki Azərbaycan təcrübəsinin digər dövlətlər üçün nümunə ola biləcəyini deyib. O, tolerantlıq və multikulturalizmin 270 milyonluq əhalisinin 80%-dən çoxunun müsəlmanlar təşkil etdiyi İndoneziyaya da xas olan həyat tərzi kimi səciyyələndirib.
Öz növbəsində QMİ sədri əhali sayına görə ən böyük müsəlman ölkəsi olan İndoneziyanın dünyada və islam aləmində mühüm rol oynadığını xüsusi vurğulayaraq bu ölkədə İslamın inkişafına, İslam maarifçiliyinə, habelə dini təhsilin yüksək səviyyədə olduğuna toxunub. Şeyxülislam həzrətləri Azərbaycan və İndoneziya dövlət başçılarının, diplomatların və din xadimlərinin iki ölkə arasındakı qarşılıqlı münasibətlərin möhkəmləndirilməsinə verdikləri töhfələr barədə danışıb. QMİ sədri 2017-ci ilin Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən İslam Həmrəylik İli elan olunduğunu xatırladaraq İndoneziyanın beynəlxalq müstəvidə Azərbaycanın ərazi bütövlüyü məsələsində tutduğu prinsipial mövqeyi yüksək dəyərləndirib.
Sonda qonağa xatirə hədiyyəsi təqdim olunub.
Görüşdə QMİ sədrinin müavini Rəşad Əliyarlı iştirak edib.

Oxunub : 1329