QMİ təmsilçisi İranın sabiq prezidentinin vida mərasimində iştirak edib

  
 Azərbaycanın rəsmi nümayəndə heyəti İran İslam Respublikasının sabiq prezidenti Ayətullah Əli Əkbər Haşimi Rəfsancaninin vida mərasimində iştirak edib. Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovun başçılıq etdiyi nümayəndə heyətinə deputatlar, Azərbaycan-İran parlamentlərarası dostluq qrupunun üzvləri, ictimaiyyət nümayəndələri daxil olub. Qafqaz Müsəlmanları İdarəsini rəsmi nümayəndə heyətində sədr müavini Hacı Fuad Nurullayev təmsil edib.
 
Ayın 10-da İrana yola düşən Azərbaycan nümayəndə heyəti sabiq prezident Ayətullah Əli Əkbər Haşimi Rəfsancaninin vəfatı ilə bağlı İran İslam Respublikasının Ali Dini rəhbərinin iqamətgahında düzənlənən vida mərasiminə qatılıblar. QMİ sədrinin müavini Hacı Fuad Nurullayev Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin başsağlığını İran rəsmilərinə, mərhumun ailə üzvlərinə və yaxınlarına çatdırıb.
 
Azərbaycan nümayəndə heyətinin üzvləri İran İslam Respublikasının Ali Dini rəhbərinin xüsusi nümayəndəsi doktor Vilayəti ilə görüşüblər. Söhbət zamanı mərhum Rəfsancaninin Azərbaycanla İran arasında əlaqələrin inkişafına verdiyi töhfələr xatırlanıb.
 
Həmin gün nümayəndə heyəti İran parlamentinin sədr müavini doktor Pezeşkianla da görüşüb, iki dövlətin qanunverici orqanları arasında əməkdaşlıq məsələlərini müzakirə ediblər. Azərbaycanlı qonaqlar İran parlamentinin iclasında da iştirak edib, parlamentlərarası dostluq qrupun iranlı üzvləri ilə də görüşüblər.

Oxunub : 1047