Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini beynəlxalq konfransdan qayıdıb

  
 
Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Hacı Fuad Nurullah İran İslam Respublikasında keçirilən “İslamda vəhdət” adlı XXX Beynəlxalq Konfransda iştirak edib. İslam Məzhəblərinin Yaxınlaşdırılması Beynəlxalq Təşkilatının xətti ilə Tehran şəhərində düzənlənən tədbirdə İran, Azərbaycan, Türkiyə, Rusiya, Pakistan, Əfqanıstan, Yəmən, Suriya, İraq, Fələstin, Misir və digər ölkələrdən gələn tanınmış din xadimləri, alimlər iştirak ediblər.
“Vəhdət həftəsi” çərçivəsində keçirilən bu konfransda son vaxtlar müsəlman ölkələrində baş verən hadisələr müzakirə edilib. Sülh dini olan İslamın adının terrorla yanaşı çəkilməsindən, məzhəblər arasında nifaq salmaq istəyən bəzi qüvvələrin fəallaşmasından narahatlıq ifadə olunub. Beynəlxalq konfransın iştirakçıları Suriyada, İraqda, Yəməndə, Fələstində və digər ölkələrdə davamlı sülhə nail olmağın vacibliyini qeyd edib, təkliflərini səsləndiriblər. Panel iclaslarda müxtəlif aktual məsələlər müzakirəyə çıxarılıb.
Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullah beynəlxalq konfransın panel iclasları çərçivəsində təşkil olunan dəyirmi masada çıxış edib, Azərbaycanda din-dövlət münasibətlərinin vəziyyəti, bu sahədə ölkəmizin təcrübəsi barədə məlumat verib. Tədbir iştirakçılarının diqqətini Qarabağ probleminə yönəldən QMİ rəsmisi onu da qeyd edib ki, ərazisi Ermənistan tərəfdən işğal olunan Azərbaycan terrora məruz qalan ölkə kimi terroru qətiyyətlə pisləyir. 
     
 
 

Oxunub : 2663