“Vəhdət həftəsi” Qafqaz Müsəlmanları İdarəsində qeyd olundu

  
Dekabrın 15-də Qafqaz Müsəlmanları İdarəsinin konfrans zalında Muhəmməd peyğəmbərin (s) mübarək mövluduna həsr edilmiş tədbir keçirildi. Qurani-Kərimin tilavəti ilə başlanan mərasimdə böyük din alimləri, İslamın möhkəmlənməsi və müstəqil Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlər ehtiramla yad olundu.
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə tədbirdə çıxış edərək aləmlərə rəhmət olaraq göndərilən Muhəmməd peyğəmbərin (s) mövludu münasibəti ilə ölkə müsəlmanlarını təbrik etdi. Şeyxülislam həzrətləri bildirdi ki, mövlud günlərinin müsəlman aləmində həm də “Vəhdət həftəsi” kimi qeyd olunması bu gün xüsusi əhəmiyyət daşıyır.
Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şurasının sədri, akademik Vasim Məmmədəliyev öz çıxışında İslam Peyğəmbərinin (s) elmə böyük önəm verdiyini söylədi, əxlaqi görüşləri barədə danışdı.
Sonra çıxış edən İran İslam Respublikası Ali Dini Rəhbərinin ölkəmizdəki nümayəndəsi Seyid Əli Əkbər Ocaqnejad bildirdi ki, İslam inqilabının banisi İmam Xomeyninin (r.a) təklifi ilə Peyğəmbərin (s) mövludu “Vəhdət həftəsi” kimi qeyd edilir. Seyid Əli Əkbər Ocaqnejadın sözlərinə görə, son illər dünyada baş verən hadisələr sübut edir ki, dünya müsəlmanlarının vəhdətə daha çox ehtiyacı var.
Tədbirdə “Əhli-Beyt məddahları” qrupunun ifasında ilahilər səsləndi.
Sonda mərasim iştirakçılarına ehsan verildi.
 
  
  
  
 
 
 

Oxunub : 2257