Şeyxülislamdan Türkiyə prezidentinə başsağlığı məktubu

  
 
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə dekabrın 10-da İstanbulun Beşiktaş rayonunda baş verən və çox sayda polis nəfərlərinin və vətəndaşların şəhid olması ilə nəticələnən dəhşətli terror aktı ilə əlaqədar Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb. Məktubda deyilir:
 
“Möhtərəm cənab Prezident!
 Qardaş Türkiyə Cümhuriyyətinin İstanbul şəhərinin Beşiktaş rayonunda törədilmiş, çoxsaylı insan tələfatı ilə nəticələnmiş terror aktı haqqında xəbər bizləri hədsiz sarsıtdı. Azərbaycan müsəlmanları və şəxsən öz adımdan Sizə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, terror hadisəsinin qurbanlarına Allahdan rəhmət diləyir, yaralılara şəfaət, bütün türk qardaşlarımıza səbr və dəyanət arzulayıram.
 
 Müqəddəs dəyər olan insan həyatına qəsd edən, Allaha xoş getməyən əməllər törədənlərin mənfur niyyətləri Türkiyə dövlətinin və xalqının qətiyyətli iradəsi qarşısında puç olacaq, inşallah. Terrordan əziyyət çəkən xalq kimi, terrorizmin  bütün forma və təzahürlərini kəskin şəkildə qınayır, türkiyəli qardaş və bacılarımızın kədərinə ürəkdən şərik olur, dərdlərini bölüşürük. Zatən, hər zaman olduğu kimi, sevincimiz bir, kədərimiz birdir! Azərbaycanın bütün məscidlərində terror qurbanlarının ruhları üçün dualar oxunur, xəsarət almışlara şəfa dilənir. Qoy Uca Allah xalqlarımızın rifah və sabitliyinə təcavüz edənləri layiq olduqları cəzaya məhkum etsin, dost və qardaş ölkələrimizdə daima sülh və əmin-amanlığı qərar versin!
 
  Zati-aliləri, əziz qardaşım! Cənabınıza dərin ehtiramımızı yetirərək, Allah-Təaladan Türkiyə dövlətçiliyinin tərəqqisi, müqəddəs dinimizin dəyərlərinin qorunması naminə gördüyünüz bütün işlərdə Sizə yardımçı olmasını diləyirəm. Bir daha səmimi başsağlıqlarımızı qardaş Türkiyə xalqına yetirir, Uca Allahdan Öz Lütf və Mərhəmətini hər zaman bizim xalqlarımız və dövlətlərimiz üzərində bərqərar etməsini diləyirəm.
Allah köməyiniz olsun!
       
Dərin hüznlə,        
Şeyxülislam Allahşükür Paşazadə” 

Oxunub : 1944