“Şəbnəm” mədrəsəsində Muhəmməd peyğəmbərin (s) mövludu qeyd olunub

  
      Qafqaz Müsəlmanları İdarəsinin “Şəbnəm” qızlar mədrəsəsində Həzrət Muhəmməd peyğəmbərin (s) əbədi və əzəli xatirəsinə həsr olunmuş mövlud tədbiri keçirilmişdir.
 
Mövlud-ən-Nəbi tədbirləri çərçivəsində keçirilən mərasimin rəsmi hissəsini QMİ-nin sədr müavini Qəmər xanım Cavadlı açaraq dövlətimizin milli-mənəvi və dini dəyərlərə verdiyi önəm və qayğını xüsusi olaraq vurğuladı, Azərbaycan gəncliyinin əxlaqi ənənələrə uyğun şəkildə yetişməsində İslam dininin tərbiyəvi əhəmiyyətindən söhbət açdı. Qəmər xanım Cavadlı bu günün ölkəmizdə tədbirlər silsiləsi şəklində qeyd olunmasını dövlət müstəqilliyimizin dindarlara bəxş etdiyi etiqad azadlığının bariz nümunəsi kimi dəyərləndirdi.  Ulu Öndər Heydər Əliyevin vəfatının anım günlərinə təsadüf edən bu tədbirdə dini-mənəvi dəyərlərimizin xalqımıza qaytarılmasında Ümummilli liderin, həmçinin onun yolunu şərəflə davam etdirən İlham Əliyev cənablarının böyük xidmətləri ehtiramla anıldı. Bu xidmətlərin Həzrət Muhəmmədin (s) mübarək xatirəsinə ən gözəl hədiyyə olduğunu bildirən Qəmər xanım Cavadlı qeyd etdi ki, “Şəbnəm” mədrəsəsi Azərbaycanın müxtəlif yerlərindən gəlmiş qızlara milli və məzhəb ayrı-seçkiliyinə yol vermədən mükəmməl dini təhsil verməklə yanaşı, onların müstəqil həyata layiqli vətəndaş və gələcəyin ailə xanımı kimi hazırlanmasında müstəsna işlər görə bir məktəbdir.
 
Rəsmi hissədən sonra müsamirədə tələbə qızların ifasında Peyğəmbərə (s) həsr olunmuş şeirlər, məvalidlər, ilahilər oxundu, rəhmət duaları verildi.        
     Tədbir ehsan məclisi ilə tamamlandı.
 
 
 

Oxunub : 1975